Sağ olun, müəllimlər...

Demə Hərb də bir hesab - kitabdır

Vətən savaşı göstərdi ki, əsgərlərimiz arasında riyaziyyatı bilənlər az olmayıb

Son illərdə ali məktəblərə qəbul imtahanlarında texniki və təbiət ixtisaslarına marağın humanitar ixtisaslara nisbətən üstünlük qazandığı da hiss olunurdu

Vətən savaşında qazandığımız qələbə ölkəmizin post-müharibə dövrünün inkişaf istiqamətlərini də müəyyən edir. İşğaldan azad olunmuş ərazilərin bərpasına xarici investorların cəlbi, məcburi köçkünlərin doğma yurdlarda məskunlaşmasının maddi təminatı olaraq yeni iş yerlərinin, qazanc mənbələrinin yaradılması, tarixi abidələrimizin bərpası, bölgələrin cəlbedici turizm potensialının əməli hal alması üçün lazımi tədbirlərin görülməsi ilə yanaşı təhsil sistemində də yeni tələblərin böyük mahiyyət daşıdığını göstərir.

Vətən savaşına qədər də ictimai və sosial həyatın bütün sahələrə işğal faktorunun təsiri məlum idi. Azərbaycan dövləti heç vaxt işğalla barışmamışdı və düşmənin zəbt etdiyi torpaqları istənilən halda və hər cür vasitə ilə geri alacağını açıq elan edirdi. Azərbaycan dövlət siyasəti bütün bu aspektlərin nəzərə alınmasıyla təyin edilirdi. Bu aspektlər arasında təhsil sistemimizin gələcək nəslin milli-mənəvi ruhda tərbiyəsi ilə bərabər təhsil alanların hansı istiqamətlər üzrə daha çox yönləndirilməsinə də xüsusi önəm verilirdi. Çünki işğalı sonlandırmağı qarşısına məqsəd qoymuş dövlətin bu sahə üçün lazımi qədər və tam hazırlıqlı kadrları da olmalı idi. Bu mənada təhsil sahəsində müasir texnologiyalara yiyələnmək daha üstün mövqeyə malik idi. Son illərdə ali məktəblərə qəbul imtahanlarında texniki və təbiət ixtisaslarına marağın humanitar ixtisaslara nisbətən üstünlük qazandığı da hiss olunurdu. Məsələn, hərbi sahə, fövqəladə hallar, hərbi həkimlik ixtisaslarına maraq getdikcə artırdı. Bu isə əlbəttə ki, orta məktəbdə müəllimlərin şagirdlərdə bu sahələrə maraq oyatmasının təsiri ilə bağlı idi. Təhsil mütəxəssisləri bildirirdi ki, gələcəyə hazırlıq riyaziyyat, fizika, kimya kimi fənlərin daha yaxşı mənimsənilməsindən keçir. Hadisələrin gedişatı göstərdi ki, seçimdə yanlışlıq olmayıb. Bu gün hərbi müstəvidə uğur qazanmağımız həm də orta məktəbdən başlanan və ali məktəblərdə davam edən texniki hazırlıqlardan qaynaqlanır. Belə bir istiqamət seçməklə həm dövlət maraqlarımız təmin edilmiş oldu, həm də xalqın istəyi: uzun illər həsrətlə gözlədiyi böyük qələbəyə nail olduq.   

Hərbin riyazi dili 

“Döyüşdə riyaziyyat” adlı elmi əsər var. Bu əsərin müəllifi olan mütəxəssislər riyaziyyat elminin hərb meydanında üstün cəhətlərinə aydınlıq gətirir və qeyd edirlər ki, döyüşlərdəki uğurları fizika-riyaziyyatsız təsəvvür etmək olmaz. Riyaziyyat fənninin hərb sahəsində rolu barədə mütəxəssislərin rəyini verəcəyik. Öncə Azərbaycan məktəblilərinin riyaziyyat, informatika üzrə beynəlxalq fənn olimpiadalarında qazandıqları uğurlara nəzər salaq. Qeyd edək ki, ümumtəhsil sektorunda riyaziyyat fənni üzrə göstəricilər yüksəlib. Bunu təhsil naziri Emin Əmrullayev bildirib.         
“Azərbaycanın IV sinif şagirdlərinin TİMSS 2019 (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramının riyaziyyat fənni üzrə nəticələri 2011-ci il ilə müqayisədə əsaslı şəkildə yaxşılaşıb”. Xatırladaq ki, belə bir açıqlama ilə Təhsil naziri Emin Əmrullayev çıxış etmişdi. TİMSS-2019 şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrini açıqlayan təhsil nazirinin sözlərinə görə, bu dinamika TİMSS tədqiqatlarının keçirilməsi tarixində ən yüksək müsbət dinamikadır:

“Təhsil Nazirliyi 2016-cı ildən başlayaraq ibtidai təhsil səviyyəsində riyaziyyat fənninin məzmunu və tədrisi ilə bağlı islahatyönümlü fəaliyyət həyata keçirməkdədir. Bir sıra inkişaf etmiş təhsil sistemləri ilə eyni səviyyədə nailiyyətlərin əldə olunması çox ümidvericidir. Belə nailiyyətlərin əldə edilməsində əməyi olan bütün şagirdlərə, müəlllimlərə, təlimçi-metodistlərə və valideynlərə Təhsil Nazirliyi adından minnətdarlığımızı bildiririk”.
2020-ci il ərzində Azərbaycan məktəbliləri bir neçə olimpiadada nailiyyət əldə ediblər. Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb. 

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş medal, həmin liseyin 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva, eləcə də Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyin 10-cu sinif şagirdi Elçin Musazadə,  220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıb. 

Sinqapurda keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında da məktəblilərimiz uğur qazanıb. 87 ölkə və 343 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz ADA Universitetindən virtual formatda qoşulublar.

Olimpiadanın 2 yarış günü ərzində  şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib. Azərbaycan məktəbliləri sözügedən olimpiadada uğurlu nəticə əldə edib. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. 
Qeyd edilir ki, şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bugünədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 7 bürünc medal əldə edilib. 
Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə keçirilmiş 12-ci Beynəlxalq payız turnirində də 17 ölkə və 403 iştirakçının yarışdığı turnir onlayn formatda olub. Artıq ikinci dəfədir ki, sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bu turnirdə bürünc medal qazanıb. 

Hərbi sahənin uğuru riyaziyyatdan keçir

Mütəxəssislər bu fikirdədir ki, fizika-riyaziyyat elmlərinə yiyələnmək hərbi sahədə uğurların qazanılmasında böyük əhəmiyyət daşıyır. Biz yeni növ silahların hərbi əməliyyatların gedişinə necə təsir etdiyini gördük. Yeni növ silahlar, kompüter idarəetmə sistemləri, elektron hesablama maşınlarının inkişafı ilə bağlı hərbi işlərdə məhz riyaziyyata müraciət olunur. Hərbi texnikalardan istifadə etmək üçün hərbi məsələni riyazi dilə çevirmək lazımdır. Kim riyaziyyat elminin çoxcəhətli imkanlarından bacarıqla istifadə edəcəksə, o da döyüşlərdə daha səmərəli fəaliyyət göstərəcək və daha böyük uğurlar əldə edəcək. Müasir hərb sənəti göstərir ki, bütün şəxsi heyətin yüksək texniki hazırlığı olmalıdır. Fizika-riyaziyyat kimi əsas biliklərə yiyələnmədən hərbi texnikadan baş çıxaran, texnikanın dilini bilən mütəxəssis olmaq mümkün deyil. Riyazi sahədə tədqiqatlar praktikada da böyük fayda verir. Bu qanunauyğunluq tamamilə hərbi işlərdə riyazi metodların tətbiq edilməsinə aiddir. Bunun əhəmiyyəti odur ki, ordunun operativ də keyfiyyətlə idarə olunmasına imkan verir. Hərbi əməliyyatlarda, döyüşlər zamanı riyaziyyatın hesab, cəbr və həndəsə bölmələri öz gücünü və faydasını göstərir. Bu fənlər hərbi hesablamaların dəyişməz atributudur. Müasir hərbi işlərdə ehtimal nəzəriyyəsi, informasiya nəzəriyyəsi, oyunlar nəzəriyyəsi, riyazi statistika, riyazi planlaşdırma, riyazi modelləşdirmə kimi riyazi fənlərdən istifadə olunur. Bu fənlərə dərindən yiyələnmək hərbi sahənin gələcəyi üçün çox vacibdir. Deməli, bundan sonra da bu fənlərin tədrisinə xüsusi önəm verilməlidir. Orta məktəblərdə və ali məktəblərdə bu ixtisaslara marağı olan şagird və tələbələrin fənlərə daha yaxşı yiyələnməsi üçün imkanlar yaradılmalıdır. Eyni zamanda çağırışaqədərki hərbi hazırlıq fənni də fizika-riyaziyyat fənləri ilə qarşılıqlı əlaqə şəklində tədrisi üzərində iş aparılmalıdır. Ümumiyyətlə, tədris prosesində bütün fənlərin bir-birilə əlaqəli formada tədrisi müasir elmin tələbi hesab edilir. Bu mənada çağırışaqədərki hərbi hazırlıq fənninin də bütün digər fənlər, o cümlədən artıq vurğulandığı kimi riyaziyyat, fizika fənləri ilə qarşılıqlı tədrisi vacibdir. 

Bu günün riyaziyyatçısı, gələcəyin həm də hərbçisidir

Əbəs yerə deyilməyib ki, riyaziyyat bütün elmlərin açarıdır. Bu gün riyaziyyat fənni sahəsində əldə edilən uğurlar gələcəyə daha nikbin baxmağa əsas verir.  

Məsələ ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, fənn olimpiadalarında, xüsusilə də riyaziyyat üzrə beynəlxalq bilik yarışlarında Azərbaycan məktəblilərinin uğur qazanması gələcəkdə texniki fənlər sahəsində yüksək elmi nailiyyətlərə imza atacağımıza inam yaradır: 

- Xatırladım ki, Qazaxıstanın Almatı şəhərində keçirilmiş 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər növbəti uğura imza atdılar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazandı. Bu, informatika sahəsində ilk qızıl medaldır. Ümumi fikir budur ki, son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən istedadlı gənclərin formalaşmasına münbit zəmin yaradır. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var. Bu sahədə görülən işlərin sistemliliyini və əhatə dairəsinin genişləndirilməsi məqsədilə, eləcə də məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək, olimpiadalara olan marağın artmasına adekvat cavab olaraq Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb.

Məhz son illərdə qazanılan medallara nəzər saldıqda görürük ki, məhz bu mərkəzlərin yetirmələri daha çox medal əldə edirlər.

2019-cu ildə ölkəmizdə ilk dəfə 88 ölkə və regiondan olan şagirdlərin iştirak etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI 2019) keçirilib. Həmin olimpiadada medal əldə etməsək də, nəticə bu sahədə uğurun uzaqda olmadığını göstərdi. Ötən 2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər.

Məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü üzrə medal qazanıblar.

Bunlar sadəcə medalların sayını ifadə edən statistik rəqəmlər deyil. Eyni zamanda, bu, Azərbaycan təhsilinin dünya ölkələri arasında rəqabət qabiliyyətindən, şagirdlərimizin elmi və intellektual potensialından xəbər verir.

Müasir dünyanın tələbi müasir biliklərə və peşələrə yiyələnməkdir. 44 günlük Vətən savaşında gördük ki, müasir silahlar, proqramlaşdırma, elektron hesablama, riyazi modelləşmə hərb sahəsində necə müsbət nailiyyətlərin əldə edilməsinə səbəb olur.

Əlbəttə, müasir gəncliyin texniki biliklərə sahiblənməsi, riyaziyyat, fizika kimi elmlərə yiyələnməsi ölkəmizin gələcəyi üçün çox əhəmiyyətlidir.