Şuşadan başladıq, qururuq

Şəhərdə dağıntı azdır, həm də orda mədəni, tarixi abidələrimiz daha çoxdur

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.
Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.




Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov "Şərq"ə deyib ki, Şuşa həm də azad edilmiş digər rayonlara nisbətən daha az dağıntılara məruz qalıb:

“Məsələn, digər rayonları bütövlükdə dağıdıblar, bir dənə də bina yoxdur. Ona görə abadlaşdırılma hər yerdə olacaq. Lakin Şuşada dağıntı azdır, həm də orda mədəni, tarixi abidələrimiz daha çoxdur. Yaşayış binaları, digər infrastruktur sahələri  var. Bu səbəbdən də abadlaşdırma işlərinə ordan  başlanılıb.

Onu da deyim ki, oradakı yaşayış binaları Şuşa işğal edilməzdən əvvəl, azərbaycanlılara məxsus idi. O evlərin hazırkı vəziyyəti ilə maraqlanmaq lazımdır. Əvvəlki halına qaytarılması üçün işlər görülməlidir.

Həm də dağıdılmış binalar müəyyən olunmalıdır. Əhali üçün yeni evlər tikilməlidir. Bundan əlavə yaşayış üçün lazım olan sahələrin inzibati binaları olmalıdır.

Onlara misal kimi icra hakimiyyəti və sair lazımi qurumları göstərə bilərik. Bütün bunlar müəyyən edildikdən sonra vəsait ayrılmalıdır. İkinci vacib məsələ mədəni və tarixi abidələrimizdir.

Onlarla yanaşı həm də dinlə bağlı məkanlar, məscidlər var. Bunların hamısı erməni vandalizminə məruz qalıb. Abidələr dağıdılıb. Hesab edirəm ki, dağıdılmış tarixi və mədəni abidələrin müəyyənləşdirilməsi, bərpası prosesində UNESCO kimi təşkilatın iştirakı vacibdir.

Bu həm də Ermənistanın işğalçı siyasətini, başqa xalqın mədəniyyətinə olan barbar əməllərini dünyaya göstərəcək”.