Televiziyalarımızın Rusiya xofu... – Bu qorxunu kim və niyə yaradıb? 

“Bu şəxslər efirdə Rusiyanın adını çəkə bilmirsə, televiziyada nə işləri var?!”

“Efirdə olan şəxslər sovet şinelindən çıxan yox, daha müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edən insanlar olmalıdır”


“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Feysbuk səhifəsində maraqlı məqama toxunub. Politoloq qeyd edib ki, Rusiya televiziyalarında Azərbaycana qarşı mənfi fikirlər səsləndirilir. Lakin eyni hala ölkəmizə məxsus  televiziya kanallarında rast gəlmək mümkün deyil. Səbəb isə müəyyən basqılar, uzun illərdən bəri mövcud olan Rusiya xofudur:




“Əvvəlcədən Rusiyadan xoxan düzəltmək - efirdə bu ölkənin tənqidinə qadağa qoymaq lazım deyildi. Şimal qonşumuzun televiziya kanallarında Azərbaycan əleyhinə ağıllarına gələni danışırlar, Kremldən kimsə onlara və televiziya kanallarına “Azərbaycan siyasətini tənqid və təhqir etməyin, qonşumuzdur” demir. Bizdə isə “Rusiyanı qıcıqlandırmayaq” deyib tuturdular. Ancaq rusiyalı sülhməramlıların təxribatçı xəritəsindən sonra bu ölkənin tənqidinə icazə verilib. Bunun da müvəqqəti xarakter daşıdığını düşünürəm”.



Mövcud durumla bağlı “Sherg.az”a açıqlama verən siyasi analitik Turab Rzayev çox qəribə və acınacaqlı bir durumun mövcud olduğunu deyib.
Analitik qeyd edib ki, Rusiya barəsində inanılmaz dərəcədə qorxulu fikirlər yaradırlar:

“Beləliklə, ölkə ictimaiyyəti və dövlətin bəzi qurumları daimi şantaj olunur. Bəzi televiziya kanallarımıza baxanda görürük ki, köhnə nəslin nümayəndələri, sovet “şinel”indən çıxmış şəxslər müxtəlif fikir bildirirlər. Amma açıq-aydın danışıqdan söhbət gedə bilməz. Məsələn, deyirlər ki, “Ermənistanı dəstəkləyən, silahlandıran, maddi yardım ayıran ölkə”. Hansı ölkə? Bu nə deməkdir axı?!. Bu şəxslər efirdə Rusiyanın adını çəkə bilmirsə, televiziyada nə işləri var? Ümumiyyətlə, nə üçün belə ab-hava yaradılmalıdır? Niyə efirlərimizdə Rusiyanın adını çəkə bilmirlər? Hətta bir çox mətbu orqanlarda Azərbaycanın özünü tənqid etmək, ölkəmizlə bağlı neqativ halları qeyd etmək daha rahatdır. Elə insanlara şərait yaradılmalıdır ki, onlar efirə çıxanda, yazı yazıb, mətbuatda işıqlandıranda açıq-aydın ünvanı göstərə bilsinlər.  Əks halda hansısa məqamlarda ictimai təpkinin göstərilməsi mümkün olmayacaq”.

T.Rzayev vurğulayıb ki, indiyə kimi ictimaiyyətimizdə “Rusiya güclüdür”, “Onun qabağında dayanmaq olmaz”, “Rusiya bizim dövlətə açıq təhdiddir” kimi fikirlər aşılanıb:

“Rusiya deyildiyi kimi bizə açıq təhdiddirsə, bizi şantaj edirsə, maraqlarımıza qarşı təhlükə kimi görünürsə, bunu açıq şəkildə söyləmək lazımdır. Belə olduğu halda ölkə rəhbərliyi gələcəkdə Rusiyaya mesaj verə bilir ki, mənim ictimaiyyətim filan məsələlərdən narazıdır. İctimaiyyət sıxılmamalıdır. Media nümayəndələri və efirdə olan şəxslər sovet şinelindən çıxan yox, daha müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edən insanlar olmalıdır”.