Ermənistanda etirazlar səngimir: KTMT qoşun yeridə bilər

Çünki Putin Paşinyanın hakimiyyətdən getməsini istəmir”

“Baş nazir olacaq istənilən şəxs ultramillətçi və təxribatçıdırlar. Onlar region qana boyaya bilərlər”

“Kreml isə yaxın gələcəkdə bölgədə sakitliyin təmin olunmasında maraqlıdır”

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəyə çatıb. Övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasında  məsul şəxslərin onlara cavab verməsini tələb edib. Daha bir etirazçı qrup isə Gümrü-Bavra yolunu bağlayıb. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur.

 Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər. Bir sözlə, mitinq dalğası davam etməkdədir. Bu xaotik vəziyyətin nə ilə nəticələnəcəyi isə çoxlarını düşündür.

 Politoloq Qabil Hüseynli lazım gələrsə, Rusiyanın məsələyə müdaxiləsini istisna etmir. O, “Sherg.az”a deyib ki, iki variant var: ya Putin vədinə əməl edərək KTMT qoşunu vasitəsilə aksiyaları dağıdıb, etirazçıları neytrallaşdıracaq, ya da Paşinyanın devrilməsinə səssiz qalacaq:

“O, baş nazirin hakimiyyətdən getməsini istəmir. Çünki Kreml yaxın gələcəkdə bölgədə sakitliyin təmin olunmasında maraqlıdır. Hakimiyyət dəyişikliyi isə bəyanatın şərtlərinin pozulmasına və birbaşa yeni müharibənin başlanmasına səbəb ola bilər. Sadəcə aksiyalar müxalif qüvvələrin dediyi qədər təhlükəli deyil. Yəni etirazçıların sayı Paşinyanı “taxtdan salmağa” kifayət etmir. Baş nazir özü də polis dəstələrinin köməyi ilə onları aradan çıxara bilər. Amma məsələnin miqyasının böyüyəcəyi təqdirdə, dediyim kimi, KTMT qoşununun Ermənistana daxil olması realdır”.

Q. Hüseynlinin sözlərinə görə, Paşinyan hələ daha bir müddət hakimiyyətdə qalacaq: 

“Baş nazirin siyasi taleyi Baydendən daha çox, Putindən asılıdır. Putin isə onun devrilməsini istəmir. Hətta təxminən iki həftə əvvəl KTMT-nin növbəti iclasında da iştirakçılardan Paşinyanı müdafə etmələrini xahiş edib.

Ümumiyyətlə, o, indi bütün post-sovet ölkələri, o cümlədən də Azərbaycan və Rusiya üçün arzuolunan siyasi fiqurdur.

Beləliklə, potensialından axıracan istifadə etmək barədə qərar verilib. Nəzərə almaq lazımdir ki, baş nazir olacaq istənilən şəxs ultramillətçi və təxribatçıdırlar. Onlar region qana boyaya bilərlər”.