Qarabağa riyaziyyatçı baxışı: “Çətin yox, həllini gözləyən proseslər qalıb” - Müsahibə

“Əslində konflikti bir riyazi tənlik olaraq görsək o zaman tənliyin tam həllinə gedən yolda olduğumuzu və məsələnin həllini, bəzi istisnalar xaric tapdığımızı söyləmək mümkün”

“Bəzi  çətin tənliklərin həlli üçün fərqli şərtlər və limitlər gətirilə bilir. Bu məsələyə də elə baxmaqda fayda var”

“Amma xalqımız bu proseslərin bizim xeyrimizə olduğuna tam inanmalı və dövlətin müdirk siyasətinə dəstək verməlidir”

“Tədricən və necə deyərlər, “çomağı” yerə qoymadan düşmənlə birliklə yaşamın yolları barədə düşünməliyik”

“Eyni zamanda onlara başımıza gətirdikləri faciələri unutmadığımızı göstərməliyik”


44 günlük Vətən müharibəsi dövründə elə böyük tarix yazdıq, elə möhtəşəm qələbə qazandıq ki, əks-sədası dünyanın dörd bir yanından gəlməkdədir. Hətta dövlət başçıları səviyyəsində bizi təbrik edir, qələbəmizə sevindiklərini dilə gətirirlər. Riyaziyyat dililə desək, biz Qarabağın Azərbaycan torpağı olması teoremini isbat etdik. Çünki ancaq vətən uğrunda gülə-gülə döyüşə getmək, ölümün gözlərinin içinə dik baxmaq mümkündür. Lakin, az qala, iki üstəgəl ikininin cavabını bilməyən ermənilər bu teoremi başa düşmək istəmirlər ki, isətmirlər. 



“Sherg.az” olaraq xaricdə yaşayan soydaşımız , Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Əmirulla Məmmədovla müzakirələr apardıq. 

 -Xaricdə yaşayan bir soydaşımız kimi Vətən müharibəsi ilə bağlı fikirləriniz nədir?

-Vətən müharibəsi başlayan gündən etibarən Azərbaycanda və xaricdə yaşayan bütün həmvətənlərim kimi mən də ordumuzun qələbəsi üçün dua etdim. Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağın qəlbi və Azərbaycanın Xalqının Mənəvi və Mədəni Mərkəzi olan Şuşaya, üçrəngli bayrağımızı sancacağı günü səbirsəzliklə gözlədim. Vətənimdən gələn ən kiçik qələbə xəbərlərinə belə, uşaq kimi sevinirdim. Rayon, kənd və qəsəbələrimizin azad olunması qəlbimdəki qüruru, inamı daha da gücləndirirdi. Və nəhayət, o gün – 8 Noyabr tarixi gəldi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Cahanşumul yürüşünü Şuşada üçrəngli bayrağımızı qaldıraraq tamamladı. Beləliklə, Vətən Müharibəsinin müqəddəratı həll olundu və Azərbaycan Xalqının 100 il dəvam edən  mənəvi çöküşü son tapdı. Biz küllərindən şaha qalxan Simurq quşu kimi yeniləndik. Millətlər arasında yerimizi möhkəmləndirdik, imzalar arasına imzamızı çəkdik.  Vətən müharibəsi eyni zamanda dövlət-millət-ordu birliyinin bölünməz təzahürünü və vəhdətini bizə göstərdi.

-Bilkentdə müharibə barədə xəbərləri haradan alırdınız?

- İmkan daxilində Azərbaycan, Türkiyə və əcnəbi televiziya kanallarını izləyirdim. Həmçinin sosial mediada müəyyən informasiyaları əldə etməyə çalışırdım. Əlbəttə, qəzetlərin elektron variantlarından da istifadə edirdim. Fərqli mənbələrdən əldə etdiyim bütün xəbərləri müqayisə edərək doğru bilgilərə çatırdım.

 -Bildiyiniz kimi, Ermənistan sentyabrın 27- də təxribat törədəndən sonra əks hücuma başladıq və düşməni susdurduq. Fizika qanunları ilə analogiya aparsaq, bunu təsirin əks təsirə bərabər olduğunun təzahürü kimi görə bilərikmi?

-Əslində, davamlı təxribatlarının nəticəsində  sonuna qədər sıxılmış yay, nəhayət, irəli atıldı. İllərdir davam edən işğal və haqsızlıq simmetrik yox, asimmetrik olaraq daha güclü əks reaksiya göstərdi. Bu reaksiya Prezidentin də dediyi kimi, dəmir yumruqtək düşmənin əsgəri gücünü yox etdi. Onlara uzun illər özlərinə gələ bilməyəcək miqyasda maddi və mənəvi ziyan vurdu. Ordumuz öz şücaəti ilə erməni Silahlı Qüvvələrinin “belini qırdı” və onu “iflic etdi”.

-Ayrı- ayrı dünya ölkələrinin, o cümlədən ATƏT- in Minsk qrupunun həmsədrləri- Rusiya, Fransa və ABŞ- in məsələyə münasibətini necə qiymətləndirirsiniz?

-İstər Minsk qrupunun, istərsə də özlərini vasitəçi kimi göstərən digərlərinin, o cümlədən bəzi beynəlxalq təşkilatların məqsədi məsələni həll etmək yox, əksinə, konflikti uzatmaq, vaxt qazanmaq və beləliklə, yetişməkdə olan nəslin yaddaşından Qarabağ həqiqətlərini silmək idi. Onlar bizə daha əvvəldən itirdiyimiz Zəngəzur, Göyçənin taleyini növbəti dəfə yaşatdırmaq üçün “canfəşanlıq” göstərirdilər. Ona görə də davamlı olaraq deyirdilər ki, problem sülh və danışıqlarla çözülməlidir. Amma onların deyil, bizim istədiyimiz oldu. Dövlətimizin  müdrik rəhbəri  İlham Əliyev ordu quruculuğunu ən ümdə vəzifə olaraq gördüyü üçün bu günün müzəffər ordusunu yaratdı. Və biz bir xalq, millət olaraq döyüş meydanında qələbə qazanaraq məqsədimizə çatdıq-tarixi ədaləti bərpa etdik.

 -Həmin dövlətlərin əslində katalizator olduğunu deyə bilərikmi?

-Yox, onlar daha çox antikatalizator və ya elmi adı ilə desək, inhibitor rolunu oynamaq istədilər, amma olmadı. Azərbaycan xalqının və dövlətinin tarixi yaddaşı buna imkan vermədi. Bizim  üçün katalizator rolunu oynayan Şuşa və Xarı Bülbül həsrəti, Xudafərin Körpüsü və Laçın, Qarabağ şikəstəsi və İsa bulağı, Cıdır düzü, nəhayət, qələbə əzmimiz idi.

-10 noyabr bəyanatı ilə bağlı fikirləriniz necədir?

-Olduqca müsbət. Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində biz ən güclü olduğumuz zaman sülhə getdik. Beləliklə, istədiklərimizə nail olmaqla yanaşı, bu problemi gələcək nəsillərə “miras qoymadıq”. Əlbəttə, 30 ildə olub- bitənləri 44 gündə bütünlükdə həll etmək mümkün deyil. Lakin10 noyabr bəyanatı Azərbaycan dövlətinin bütün torpaqlarında hakimiyyətinin bərqərarı, fərqli dini və milli azlıqların yalnız mədəni muxtariyyətə sahib ola biləcəyi deməkdir. İstəyən qəbul edib, yaşayar, istəməyən isə rədd olub, gedər.

 -Qarabağ məsələsini məçhulu olan bir tənliyə bənzətsək, onu tamamilə həll etdiyimizi deyə bilərikmi, ya hələ də qaranlıq məqamlar var?

 -Mən belə demək istərdim: Əslində konflikti bir riyazi tənlik olaraq görsək o zaman tənliyin tam həllinə gedən yolda olduğumuzu və məsələnin həllini, bəzi istisnalar xaric tapdığımızı söyləmək mümkün. Bilirsiniz, bəzi  çətin tənliklərin həlli üçün fərqli şərtlər və limitlər gətirilə bilir. Bu məsələyə də elə baxmaqda fayda var. Yəni  qaranlıq məqamlar yox, sadəcə həllini gözləyən proseslər qalıb.

 -Riyaziyyat kimi, siyasət də dəqiqliyi sevir. Sizcə, proseslərin uğurlu inkişafı naminə bundan sonra hansı addımlar atılmalıdır?

 -Xalqımız bu proseslərin bizim xeyrimizə olduğuna tam inanmalı və dövlətin müdirk siyasətinə dəstək verməlidir. Tədricən və necə deyərlər, “çomağı” yerə qoymadan düşmənlə birliklə yaşamın yolları barədə düşünməliyik. Eyni zamanda onlara Xocalı qətliamını, xarabaya dönmüş şəhərlərimizi, Gəncə, Bərdə və Tərtərin raket atəşləri ilə dağıdılmasını, məscidlərimmizin, tarixi abidələrimizin, əcdadlarımızın məzarlarının yerləbir edildiyini unutmadığımızı göstərməliyik. Başa salmalıyıq ki, “oldu, bitdi” deməklə deyil. Onların xalqımızın tarixi yaddaşını sıfırlamalarına imkan verməməli, emrənilərlə münasibətlərimizi yeni səhifədən başlamağın qeyri-mümkünlüyün anlatmalıyıq. Biz tarixin tragediyalarından dərs çıxararaq irəli baxmalı və firavan gələcəyimiz naminə çalışmalıyıq. Əlbəttə, Azərbaycanın qanunvericiliyini, konstitusiyasını tanıyan, vətəndaşlığımızı qəbul edən hər kəsə qapımız açıqdır.

 -Ermənistandakı daxili vəziyyəti necə dəyərləndirirsiniz?

 -Bütün tarix boyu erməni cəmiyyətini dağılmaqdan qoruyan erməni Qreqorian kilsəsi və həmin  kilsənin başındakı katolikos olub. Bu, indi də belədir. Odur ki, Ermənistanda baş verənlərə son münasibəti kilsə bildirəcək. Katalikosun münasibətini həm xalq, həm də diaspor dəstəkləyir. Yəni səbr edib, gözləyək. Hər halda, fikrimcə, erməni cəmiyyəti həm mənəvi, həm də iqtisadi olaraq böyük bir böhran içindədir. Heç şübhəm yoxdur ki, belə bir vəziyyətdən çıxmalarından ötrü on illər lazım olacaq.  

 -Necə düşünürsünüz, ABŞ-dakı hakimiyyət dəyişikliyi regiona nə cür təsir göstərəcək?

 -ABŞ-dakı hakimiyyət dəyişikliyinin Cənubi Qafqaz regionuna ciddi təsirinin olacağını düşünmürəm. Yeni ABŞ administrasiyasının regiona təsiri hökumətin Türkiyə, Rusiya və İranla münasibətlərinə görə formalaşacaq.