“Human Rights Watch” da bilir: “Beynəlxalq hüquq və ədalət bizimləmdir”

Dekabrın 15-də “Human Rights Watch” insan haqları təşkilatı “Ermənistan Azərbaycana qarşı klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Hesabatda standart beynəlxalq nəşrlərə istinadla yazılıb ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan “WM-80” yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb.


Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildyini sənədləşdirib. Hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil 20 nəfər yaralanıb. Təşkilat oktyabrda Azərbaycanın Bərdə şəhərinə klastr bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Hesabatın sonunda bildirilib ki, Klastr sursatları qadağan olunduğundan heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”.



Millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyevin “Sherg.az”a açıqlamasına görə, problemimizin əsas hissəsi həll olunub. Azərbaycan Ordusu hərbi-siyasi yolla torpaqlarını azad edib. Parlamentarinin fikrincə, bütün bunlar o demək deyil ki, mübarizəmiz ideoloji, siyasi və beynəlxalq səpkidə dayanıb:

“Cənab Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan qoşunlarının qeyri-humanist, anormal və beynəlxalq hüquqlara zidd olan addımlarına qiymət veriləcək. Bunun üçün bütün faktlar yığılıb və qeydiyyatdan keçir. Artıq Azərbaycan Respublikası Baş Prokurorluğu dünya miqyaslı hüquqşünaslarla birgə işləyirlər. Məsələ ilə əlaqədar beynəlxalq təşkilatları da ölkəmizə dəvət etmişik”.

Professor vurğulayıb ki, “Human Rights Watch” və digər beynəlxalq təşkilatların gücündən istifadə etməliyik:

“Həqiqət, beynəlxalq hüquq, ədalət bizimləmdir. Lakin hər bir təşkilat və qurumlardan istifadə edib, məsələni sona çatdırmalıyıq. Necə ki, hərbi müstəvidə erməni ordusunun “başını əzdik”, onları məhv etdik, eyni zamanda beynəlxalq, ideoloji və siyasi müstəvidə də hərəkət etməliyik.

Ölkəmizə vurulan iqtisadi ziyan ödənilməlidir. 30 il ərzində istismar edilənlər, maddi və mənəvi ziyanlar hesabatlara əlavə olunacaq. Ermənistan bir dövlət kimi cavab verəcək.

Çünki qadağan edilən hərbi avadanlıqlardan istifadə edərək, dinc əhalini qırıblar. Düşmən ölkə mütləq hərbi tribunalda cavab verməlidir”.