Köçəryanın Moskva səfəri: Masada nələr var? – “Çirkin planlar...”

“Yeni təxribata hazır olmalıyıq. Dövlətimiz,  ordumuz və mediamız diqqəti əldən verməməlidir”  

“Moskvadakılar Qarabağda nəyi necə etmək lazım olduğunu Köçəryandan yaxşı bilmirlər”

“Rusiya da dərk etməlidir ki, Qarabağa dair növbəti səhvi onun fəlakəti, sonun başlanğıcı olar”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu səhər Moskvaya üçgünlük səfərə yola düşüb. Məlumatı keçmiş prezidentin ofisi yayıb. Bildirilib ki, səfər xüsusi xarakter daşıyır.


Üç günlük səfər çərçivəsində Rusiyada başqa görüşlərin nəzərdə tutulub-tutulmadığı məlum deyil. İndiki məqamda, yəni Azərbaycanın tarixi qələbə qazandığı, Ermənistanda isə böhranın günü-gündən dərinləşdiyi bir vaxtda keçmiş prezidentin birdən-birə Rusiyaya səfəri kifayət qədər müəmmalıdır. Maraqlıdır, bu, nəyə hesablanıb?



Sualımızı cavablandıran siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a səfərin xoş niyyətli olmadığını bildirib:

“İlk növbədə onu deyim ki, Köçəryanın heç bir statusu yoxdur. Bu halda onun rəsmi səfər etməsi düzgün deyil. İkincisi isə keçmiş prezident barədə ölkəsində cinayət işi açılıb. Belə olan halda səfər baş tutursa, deməli, məsələ kifayət qədər ciddidir. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın qələbəsini “həzm edə” bilmir.

Provokasiya variantları azalır. Səfər hansısa yeni təxribatın hazırlanmasına hesablanıb. Çünki Moskvadakılar Qarabağda nəyi necə etmək lazım olduğunu Köçəryandan yaxşı bilmirlər.

Yəni biz yeni təxribata hazır olmalıyıq. Həm dövlətimiz, həm ordumuz, həm də mediamız diqqəti əldən verməməlidir.  İkinci bir tərəfdən isə təkcə ermənilərin xislətini yox, Rusiyanın onların əli ilə nələr etdiyini də bilirik. Dediyim kimi, çirkin planlar hazırlanır. Biz buna hazırlıqlı olmalıyıq”.

 C.Nuriyevin Köçəryanın hakimiyyət başçısı postuna hazırlanmasını istisna edir: 

“Onun hakimiyyətə gətiriləcəyinə inanmıram. Hər şeydən əvvəl ABŞ-ın maraqlarını və İrəvandakı təsir gücünü nəzərə almaq lazımdır. Həm də Ermənistan vətəndaşları Qarabağ ermənilərini bəyənmirlər.

Hazırkı elitanın eyni bataqlığa bir də düşəcəyinə inanmıram. İkinci bir tərəfdən isə Rusiyanın Dağlıq Qarabağa dair növbəti səhvi onun fəlakəti, sonun başlanğıcı olar.

Moskva bunu dərk etməlidir. Başa düşmürsə, öz problemidir. Kreml, az qala, dünyanın altıdabir hissəsinə sahibdir. Lakin hələ də gözü doymur. Bir tarixə baxın, hansı imperiyalar qalıb? Hamısı dağılıb. İndi növbə Rusiyadadır. Ardınca isə Çin dağılacaq. İndi nə Azərbaycan otuz ilki əvvəlki ölkədir, nə də Rusiya SSRİ-dir. Rusiya indi diz üstü çöküb. Tam yıxılmasına isə çox az qalıb”.