Ziyan dəymiş ailələrə DƏSTƏK !- “Bu dövlətin növbəti humanist addımıdır”

 Prezident, Ali Baş Komandan İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində (2292 nömrəli) müvafiq Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin bu sənədin icrasının təmin edilməsi üzrə Baş nazir Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalayıb və aidiyyəti təyinatlı 11 işçi qrupu təsis edilib.

Maliyyələşmənin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıq da verilib.

Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir.



Millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev sənədin əhəmiyyəti barədə “Sherg.az”a danışıb:

“Əlbəttə, bu, dövlətin humanist siyasətinin növbəti təzahürüdür. Biz həm də yaradılan komissiyanın fəaliyəti nəticəsində Ermənistandan təzminat alacağıq.

İşğalçı 30 il torpağımızı istismar etdiyinə, habelə bizə vurduğu maddi və mənəvi ziyana görə cavab verəcək, məsuliyyətə cəlb ediləcək. Azərbaycan dövlətinin buna müvəffəq olmağa gücü, qüdrəti var.

Eyni zamanda beynəlxalq hüquq da bizim tərəfimizdədir. Beləliklə, biz zalımın, zülmün cəzasız qalmadığını bir daha nümayiş etdirəcəyik. Ermənistanın törətdiyi əməllərə görə, beynəlxalq ictimaiyyət qarşısında cavab verməsi təkcə on milyonluq əhalinin yox, bütün dünya azərbaycanlılarının tələbidir.

İsrail yəhudilərə olan təzyiqlərə görə alman nasistlərini uzun illər sonra cəzalandırmışdı. Bu, onu deməyə əsas verir ki, haqsız əməllər cəzasız qalmır”.