Sadəcə biabırçılıqdı

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı problem hələ qalır

“Bir neçə gün öncə məlumat verildi ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqələri ilə gedə biləcəklər. Bu isə "yeni nəsil" şəxsiyyət vəsiqələrinin hələ də "köhnə nəsil" olaraq qaldığını bir daha xatırlatdı”.

Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O vurğulayıb ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı 2014-cü ilin noyabrında Prezident sərəncam verib:

“Səlahiyyətli qurumlar Sərəncamdan irəli gələn vəzifələri vaxtında icra edə bilməyiblər. Prezident sərəncamları ilə bu müddət bir neçə dəfə uzadılıb. Nəhayət, 2018-ci ildə yeni nəsil şəxsiyyət vəsiqələrinin ilk nümunəsi Prezidentə təqdim edilib. Bir müddət sonra vətəndaşlara da bu sənəd təqdim edilməyə başlanıb. Lakin dərhal da məlum olub ki, verilən vəsiqələr yeni nəsil deyilmiş. Belə ki, verilən vəsiqələrin çipində yerləşdirilən e-imzalar indiyədək də aktivləşdirilməyib. Və ən qəribəsi də odur ki, heç kim bunun səbəbini açıqlamayıb”.

Ekspert qeyd edib ki, vəsiqədə yerləşdiriləcək imzadan istifadə ilə bağlı müəyyən olunacaq rüsumun məbləği də bir xeyli müzakirə olunsa da yekunda konkret razılıq əldə olunmayıb:

”Xatırlayıram ki, e-imzaya cavabdeh qurum olan NRYTN rəsmi açıqlama vermişdi ki, vəsiqələrdəki e-imza ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Yəni demək istəmişdi ki, problemin həlli onluq deyil.

Buradan belə qənaətə gəlmək olardı ki, vəsiqələrdəki bu imzanın aktivləşdirilməsi hansısa digər tərəflərlə maraq toqquşması yaradıb. Hər bir vətəndaşın cibində bütün xidmətlərə əlçatanlığı təmin edə biləcək e-imzanın olması kimə, hansı qurumlara sərf etməyə bilərdi? Xatırladıram ki, hazırda ölkədə ASAN Xidmətə dəxli olmayan ASAN imza da tətbiq olunur, xarici vətəndaşın rəhbərlik etdiyi bu dövlət layihəsindən hər ay təxminən 1 milyon qazanc götürülür.

Bilinmir ki, belə anlaşılmaz situasiya nəvaxtadək davam edəcək. Fikrimcə, bu, sadəcə biabırçılıqdır. Uzun illər hazırlıq görülən və böyük dövlət resursları xərclənən, Prezidentin siyasi iradəsi əsasında yaradılan, ölkədə informasiya cəmiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən bir layihəyə belə yanaşma çox təəssüf doğurur.

Düşünürəm ki, Prezidentin adıçəkilən sərəncamında qeyd olunan səlahiyyətli qurumlar, NRYTN, DİN, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi bir araya gəlib bu problemi həll etməlidirlər. Fikrimcə, bu problemin həlli ölkədə rəqəmsal transformasiyanı xeyli sürətləndirə bilərdi”.