Paşinyan istefaya getməyəcək

Müxalifətin ciddi dəstəyi yoxdur, əhaliyə aydın və strateji mesaj verə bilmirlər

Baş nazirin xalq tərəfindən devrilməsi mümkünsüzdür

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən devrilməsi prosesinə start verilib. Erməni mediası Paşinyanın yaxın vaxtlarda devrilə biləcəyini yazır. Deyilənə görə, baş nazirin hətta erkən parlament seçkiləri keçirmək şansı belə yoxdur. Baxmayaraq ki, artıq Paşinyan və komandası növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu düşünürlər. Erməni KİV-ləri xüsusilə ölkənin ikinci prezidenti Robert Koçaryanın Rusiyaya üçgünlük səfərinə diqqət çəkir.\

Bildirilir ki, Koçaryan Rusiyadakı erməni diasporası və siyasi dairələrlə görüş keçirəcək. Hətta onun Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyi ehtimal olunur. Siyasi analitiklər hesab edirlər ki, Koçaryanın Moskva səfərindən sonra Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etirazlar daha şiddətli xarakter ala bilər. Bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyan da Moskvaya səfər etmişdi. O da Rusiyada erməni icması ilə görüşlər keçirmişdi. 

Ermənistanın siyasi sferasında cərəyan edən prosesləri “Şərq”ə təhlil edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, köhnə qvardiya Qarabağ kartından istifadə etməyə başlayır. Analitikin sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin məlum bəyannaməsi erməni müxalifəti tərəfindən sabotaj edilməyə başlanılıb:

“Ermənistanda daxili siyasi böhran hökm sürür. Nikol Paşinyana qarşı müxalifətin vahid namizədi elan edilən Vazgen Manukyanı isə sabiq prezident Robert Koçaryan idarə edir. Koçaryanın əsas planı Paşinyanı devirməkdir. Moskva səfəri öncəsi fesybuk səhifəsindən Paşinyana “Rədd ol get” mesajını vermişdi. Koçaryanın bu qətiyyəti təsadüfi deyil və “gəlirəm” mesajıdır. Davam edən siyasi böhran və Koçaryanın fəallığı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirə bilər.

Nəzərə alaq ki, Laçın dəhlizi vasitəsilə Ermənistan rəsmiləri Xankəndinə rahat gəlib-gedirlər. Rusiya sülhməramlıları da onları müdafiə edir. Ötən gün Ermənistan ordusunun qərargah rəisi Xankəndinə gəldi. Bu, Azərbaycanın suverenliyini və dövlət sərhədini pozmaqdır. Məqsəd Qarabağda separatçı mərkəzi yenidən diriltməkdir”.

Analitikin fikrincə, Paşinyanın yerinə Koçaryan gətirilərsə, Dağlıq Qarabağda fərqli senarinin şahidi ola bilərik:

“Rusiya Dağlıq Qarabağda Türkiyə ilə birgə patrul sisteminə razı olmadı, çünki birgə fəaliyyət Moskvaya öz siyasi planlarını reallaşdırmağa imkan verməzdi. Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sülh və normallaşma prosesində maraqlı olduğunu elan edib. Rusiya məhz buna imkan verməmək üçün Koçaryanı Moskvaya çağırıb.

Ancaq hazırkı situsiyada Paşinyanı dəstəkləyənlərin sayı heç də az deyil. Yəni baş nazirin xalq tərəfindən devrilməsi mümkünsüzdür. Paşinyan istefaya getməyəcək. Müxalifətin ciddi xalq dəstəyi yoxdur, əhaliyə aydın və strateji mesaj verə bilmirlər. Sadəcə Azərbaycana və Türkiyəyə qarşı nifrət çağırışları edilir.

Xalq isə ağır məğlubiyyətdən sonra növbəti qarşıdurmada maraqlı deyil. Böyük ehtimal, yaxın dönəmdə Paşinyan vəziyyəti gərginləşdirən Araik Arutyunyanı da aradan götürəcək”.