5 siyasi partiya ofislə təmin olunub

Əlisahib Hüseynov: "Ölkədə milli həmrəylik mühitinin qorunub saxlanması istiqamətində var gücümüzlə işləyəcəyik"


Prezidentin tapşırığına uyğun olaraq, normal siyasi fəaliyyətin təmin edilməsi məqsədilə siyasi partiyaların ofislə təmin olunması prosesi davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 16 dekabr tarixində daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib.

Bunlar - AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Milli Həmrəylik Partiyasıdır. Artıq partiya rəhbərləri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Beləliklə müvafiq qurum tərəfindən son günlərdə 10 siyasi partiya ofislə təmin olunub.

Yaxın vaxtlarda digər siyasi partiyalara da ofislərin verilməsi nəzərdə tutulur. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında siyasi təşkilatların daha məhsuldar və aktiv fəaliyyətləri üçün atılan addımları yüksək dəyərləndirib. Partiya rəhbəri daha səmərəli fəaliyyət göstərmək imkanı yaradıldığı üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirib:

“Ölkədə milli həmrəylik mühitinin qorunub saxlanması istiqamətində var gücümüzlə işləyəcəyik. Dövlət başçımıza isə siyasi partiyalara qarşı göstərdiyi bu diqqət və qayğıya görə ayrıca minnətdarlıq edirəm. Var olun, cənab Prezident!”.