Gizli toylar da vaya dönür

Kiminsə ölümünə səbəb olmaq ən böyük cinayətdir

Pandemiya dövründə qaydaları pozanları heç cür bağışlamaq olmaz


Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb.

Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib. Həmin şəxslərdən 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər 6 nəfər barəsində isə protokol tərtib edilərək Goranboy Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.

Koronavirus pandemiyası elan olunandan və sərtləşdirilmiş karantin qaydaları tətbiq edildiyi vaxtdan indiyədək bu şəkildə qanunpozmalar dəfələrlə təkrarlanıb. Yas, nişan, hətta toy məraismi keçirənlər, kafe və restoranlardan əl çəkməyənlər, nəticədə məsuliyyətə cəlb edilərək cərimə olunanlar da həmçinin. İnsan bilə-bilə ki, xüsusi karantin rejimidir, kütləvi toplaşmaq, kafe və restoranların yerində xidmətindən istifadə etmək qadağandır, görəsən, hansı düşüncə ilə qanunlara saymazyana yanaşırlar? Müvafiq icazə olmadan polis postlarından keçməyi gözə alanlar hansı düşüncə ilə yola çıxır? “Əşşi, birtəhər keçərik, bəlkə polis yoxlamadı” təfəkkürü iləmi? Son günlərdə 1607 nəqliyyat vasitəsi müvafiq icazəsi olmadığı üçün cərimələnib. Cərimələr tətbiq ediləcəyini vətəndaşlarımız bilir, xəbərdardılar, hər halda. Birinci gün deyil, karantin rejimi tətbiq edilir. Az qala 1 ilə yaxınlaşır. Aşağı-yuxarı hamının karantindən də, cərimələrdən də xəbəri var.

Bəs bu nə zehniyyətdir? Bəlkə evdə darıxırlar, dost-tanışla görüşüb, söhbətləşmək istəklərinə artıq sədd qoya bilmirlər? Karantin müddəti çox uzanır deyə insanlar psixoloji gərginliyə düşə bilməzmi? 

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi barədə məlumatı olan birisinin onu bilərəkdən pozmasını şüuru inkişaf problemi ilə əlaqələndirdi: 

- Burada səbəb insanın şüuru inkişaf səviyyəsidir. Başqa heç bir səbəb, bəhanə mümkün deyil. “Darıxıram, havaya çıxmaq istəyirəm, dostlarımla yeyib-içmək istəyirəm” və sair bunlar hamısı əsassız, boş bəhanələrdir. İnsan bilir ki, pandemiyadır, hər gün neçə min insan virusa yoluxur, ölüm sayı artıb, yoluxma sayını azaltmaq, ölüm hallarının qarşısını almaq üçün hökumət sərt karantin rejimi tətbiq edib. Bunları bilə-bilə kimsə qaydaları pozmaqdan, kobud desək, özünü saxlaya bilmirsə, deməli, o insanın şüuru inkişaf problemi var.

Bu məsələdə yerli hüquq-mühafizə orqanlarına arxayınlıq amili də ola bilər. Hər hansı mərasim təşkil edən, yaxud kafeyə, restorana gedən bəlkə də əraziyə nəzarət edən polis əməkdaşına, yerli orqanlara arxayındır. Bəlkə buna deyirlər ki, “işində ol, amma elə et ki, səsi-sorağı çıxmasın”. Səs-soraq çıxanda isə məsuliyyətə cəlbolunma və cərimələr başlayır.

Təəssüf ki, əhali arasında müəyyən təbəqə insanlar var ki, onlara maarifləndirici tədbirlər təsir etmir. Belə olan halda bu şəxslərə qarşı mütləq inzibati ölçü götürülməlidir. Təşkilatçılara qarşı da, iştirakçılara qarşı da. 

Sosioloq qeyd etdi ki, hər bir vətəndaşın ümdə vəzifəsi başqasının azadlığını məhdudlaşdırmamaq, başqasının həyatına təhlükə yaratmamaqdır: 

- Sürücü avtomobillə piyadaya xəsarət yetirdikdə məsuliyyətə cəlb edilir. Biri kimsənin ölümünə səbəb olanda da həmçinin. Pandemiya dövründə əgər kimsə karantin qaydalarını pozursa, bu, başqalarının yoluxmasına və hətta ölümünə səbəb olmaq deməkdir.

Və deməli, cinayətdir. Azadlığın məlum tərifi var; sənin azadlığın başqasının azadlığını məhdudlaşdırmayacaq qədərdir. Qayda pozuntusunun psixi halla əlaqəsi yoxdur. Bu, insanın zəkasının hansı dərəcədə inkişaf etməsi ilə bağlıdır. Heç kimə ixtiyar verilmir ki, məsuliyyətsiz hərəkəti ilə başqalarını da yoluxdursun.

Hər bir insan öz həyatı üçün məsuliyyət daşıdığı kimi başqalarının da həyatına məsuliyyət daşımalıdır və ölüm saçan olmamalıdır.