Əsirlərə psixoloji yardım göstərilməlidir

Elnur Rüstəmov: "İnanmıram ki, onlar birbaşa ailələrə təhvil verilsin. Bir müddət bu işlər aparılacaq"

Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun dekabr ayının 14-də  təyyarə ilə Bakıya gətirildi.
Xatırladaq ki, Dilqəm və Şahbaz 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

Yəni 6 ildən çoxdur ki, düşmən əsarətində yaşayıblar. Şübhəsiz ki, onlarda əsirlik müddətində müəyyən psixoloji problemler yaranıb. Axı illərlə millətindən, ailəndən uzaqda, mənfurların girovu kimi yaşamaq asan deyil. Bəs bundan sonra Dilqəm və Şahbaz üçün həyat necə davam edəcək? Onların cəmiyyətə inteqrasiyası üçün hansı yardımlar göstərilməlidir?

“Şərq”in suallarını cavablandıran Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib ki, əsirlikdən qayıdan şəxslərə psixoloji yardım göstərilməsi qanunvericilikdə öz əksini tapıb:

“Psixoloji yardım haqqında” qanunun 6-cı maddəsində bununla bağlı bəndlər var. Burdakı situasiya fərqlidir. Çünki onlar uzun müddət düşmən əsarətində olublar. Şübhəsiz ki, həm fiziki, həm də psixoloji travmalar alıblar. Dilqəm və Şahbazın psixoloji reabilitasiyası ilə məşğul olmaq lazımdır. Onların cəmiyyətə inteqrasiyası, ailəyə uyğunlaşması üçün psixoloji iş hökmən aparılmalıdır.

İstər Şahbaz və Dilqəm, istərsə də digər əsirlikdən azad olunan şəxslərə dəstək göstərilməlidir. Qeyd etdiyim kimi, həm psixoloji, həm də fiziki zorakılığa məruz qalmış ola bilərlər. Düşünürəm ki, onlar tam prosedurdan keçməlidilər. Bildiyim qədəri ilə bu iş təşkil olunur. Müəyyən dövlət qurumlarının nəzarətində olan məsələdir. İnanıram ki,  ən yüksək səviyyədə tədbirlər görülür”.

Ekspert qeyd edib ki, əsirlikdən qaytarılan şəxslərlə yanaşı onların ailələrinə də psixoloji dəstək vacibdir:

“Çünki belə situasiyalarda döyüşçülərə, hərbçilərə, qazilərə sistemsiz şəkildə psixoloji yardım edilmir. Bu dəstək kompleks şəklində həyata keçirilir. Həm fərdin özünə, həm də onun ailə üzvlərinə kömək olunur.

Çünki ailə üzvləri də  psixoloji sarsıntılar keçiriblər. Ailəsi də həmin travmanı onunla birgə yaşayıb. Həm də əsirlik müddətində aldıqları müəyyən travmalar var. Məsələn, posttravmatik stres pozuntusu, bir çox psixoloji problemləri ola bilər. Bununla bağlı şübhəsiz ki, qabaqlayıcı tədbirlər görülür.

İnanmıram ki, onlar birbaşa ailələrə təhvil verilsin. Bir müddət bu işlər aparılacaq. Dövlətin aidiyyəti orqanlarının nəzarətində olan işdir. Birmənalı şəkildə psixoloji yardım göstəriləcək”.