Taborda tək o sağ qalıb, Şuşaya daxil olub

Xüsusi təyinatlı şəhid Rafail Hüseynov 44 günlük müharibədə 42 gün döyüşüb


Hünəri dillərə dastan olan Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlıları Vətən müharibəsində də tarix yazdılar. Tək baxışları ilə düşmənin canına qorxu salan oğullarımız Şuşanın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərdilər. Şübhəsiz, ordumuzun hər əsgəri, hər əri bir qəhrəmandır. Lakin bu dəfə general-leytenant Hikmət Mirzəyevin igidlərindən danışırıq.

Onların bir qismi Tarixi paradda Hikmət paşanın başçılığı ilə xalqın qarşısına çıxdılar. Xüsusi Təyinatlı Qüvvələrin qaziləri də paradı izləmək üçün orda idi. Heç fiziki qüsurları da əzəmətlərinə kölgə sala bilməmişdi. Hərəsi dağ boyda bir oğuldur. Sözə onlardan başlamağım təsadüf deyil. Bu gün sizə Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Rafail Hüseynovdan bəhs edəcəyik. Daha doğrusu, biz yox, qardaşı Elmir Hüseynov şəhidimizi siz oxucularımıza, xalqımıza tanıtdıracaq.

O, “Şərq”ə şəhid qardaşından danışıb:

- Hüseynov Rafail Teymur oğlu yanvarın 1-i 2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. Ədalət Vəliyev adına tam orta məktəbdə oxuyub. Həmin məktəbi 2017-ci ildə bitirib. 2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra kiçik gizir rütbəsində çalışmağa başlayıb.

- Maraqlıdır, hərbçi olmağa necə qərar verdi? Uşaqlıqdan belə bir arzusu vardımı?

- Bəli, Rafail fiziki hazırlığı yaxşı idi. Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib.

- Qardaşınız necə bir insandı?

- Sadə, fədakar, məqsədyönlü, yardımsevər bir insan idi. Xüsusilə Rafailin yaşadığı rayonda, kənddə böyük hörməti olub. Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edildi. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafaildir.

- Ən böyük arzusu nə idi? Hər halda sizə demiş olar...

- Rafail ailəsinə bağlı insan olub. Ailəsinin arzularını reallaşdırmağa çalışırdı. İstəyi isə müharibənin başlaması, özünün də döyüşlərdə iştirak edib, torpaqlarımızı yağılardan azad etməsi idi. Bir qızı çox sevirdi. Müharibədən sağ qayıtsaydı, nişanlanmağı düşünürdü.

- Heç şəhidlik bu uca məqam mərtəbəsindən danışırdımı?

- O, inanclı insan idi. Şəhidliyi insan ömrünün zirvəsi sayırdı. Mən də müharibə iştirakçısıyam. Savaşın son gününə qədər orda olmuşam. Müharibə zamanı Rafaillə bir dəfə danışmaq imkanım oldu. Məndən çox narahat idi. Dedim ki, ehtiyatlı ol. O isə elə bil şəhidlik zirvəsinə ucalacağını hiss edirdi. Cavab verdi ki, qismətimizdə nədirsə, o da olacaq. Anama da belə sözlər deyib. Söyləyib ki, şəhid olsam, üzülmə, ağlama.

- Bir az da Vətən müharibəsində xidmətindən bəhs edək. Şəhadətə qovuşana qədər döyüş yolu necə keçib?

- O, 44 günlük müharibənin 42 gününü savaşıb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib. Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunu mənə döyüş yoldaşları danışıb. Deyir, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.

Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.

- Bəs sonra?

- Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşaya girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhid olub...