ABŞ-ın Bayden dövrü ! – “Rəsmi Bakı ilə “dil tapacaqlar”, çünki...” - Şərh

“Azərbaycan Qafqazın və Orta Asiyaya keçidin ən mühüm oyunçusudur”

“Odur ki, rəsmi Bakı ilə “dil tapmaq” Türkiyə- Rusiya- Orta Asiya-İran müstəvisində mühüm tərəfdaş qazanmaq deməkdir”


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və hazırda “Atlantik Council”də Qlobal Enerji Mərkəzinin direktoru  Riçard Morninqstar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda çıxış edib.

 R.Morninqstar bildirib ki, Azərbaycan və Ermənistan arasında gedən müharibə ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydeni narahat edib və o, vəziyyətlə bağlı bir neçə bəyanat verib.
Keçmiş səfir deyib ki, Tramp administrasiyası beynəlxalq siyasətdə kənarda dayanmağı seçib və o, demokratiya, insan haqları və digər məsələlərə qarışmayıb:
“Düşünürəm, Obama administrasiyasında olduğu kimi, Bayden üçün bu məsələlər daha vacib olacaq və ümid edirəm ki, onlar konstruktiv şəkildə müzakirə olunacaq. Biz Azərbaycanla enerji, təhlükəsizlik sahəsində yaxın əlaqələrimizi davam etdirməliyik”.

“Fikrimcə, ABŞ regionda daha aktiv rol oynamalı və Azərbaycana özünün balanslı siyasətini saxlamaq üçün kömək etməlidir. Dağlıq Qarabağla bağlı qeyd edim ki, bu Azərbaycan üçün böyük nailiyyətdir, ötən illərdən sonra ölkə işğalda olan torpaqlarını geri qaytardı. İqtisadi və hərbi baxımdan ötən zaman Azərbaycanın xeyrinə işlədi. Burada həm də Rusiyanı unutmamaq lazımdır, Rusiyanın əlində kartlar var. Rusiya Ermənistanı fəlakətdən xilas etdi. Sual ondadır ki, nə vaxta qədər Rusiya Dağlıq Qarabağı və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni qoruyacaq?”- deyə Morninqstar əlavə edib.

 Politoloq Azər Rəşidoğlu səslənən bəyanatlarla bağlı fikirlərini “Sherg.az”a bildirib: 

“Ümumiyyətlə, ABŞ demokratlarının Yaxın Şərq və Rusiya ilə fərqli doktorinaları var. Əgər Tramp daha çox daxili siyasətə üstünlük verirdisə, Bayden Rusiya-İran-Türkiyə müstəvisində fərqli mövqe tutacaq. Əlbəttə, Baydenin seçkiqabağı səsləndirdiyi bəyanatların heç də hamısına əməl edəcəyinə inanmıram. Məsələn o deyirdi ki, Türkiyə qarşı sərt mövqe tutacaq.

Amma Türkiyənin ABŞ üçün çox mühüm müttəfiq olduğunu, həmçinin hər iki dövlətin NATO-da yer aldığını bilirik. İkinci bir tərəfdən, Baydenin İrana qarşı xoş münasibəti məlumdur.

Onun prezidentlik postunda möhkəmlənəndən sonra rəsmi Tehranla “isti” münasibət saxlayacağını düşünmürəm. Sadəcə Trampdan fərqli olaraq daha az sərt mövqe tuta bilər. Amma gərginlik qalacaq. Bir sözlə, Riçard Morninqstarın dediyi kimi, Obama dövrünə qayıdış olacaq”.

A.Rəşidoğlu, həmçinin ABŞ-dakı hakimiyyət dəyişikliyinin Cənubi Qafqaza və Azərbaycana təsirindən də söz açıb: 

“Azərbaycan Qafqazın və Orta Asiyaya keçidin ən mühüm oyunçusudur. Odur ki, rəsmi Bakı ilə “dil tapmaq” Türkiyə- Rusiya- Orta Asiya-İran müstəvisində mühüm tərəfdaş qazanmaq deməkdir. Hər halda kəskin dönüşün olacağına inanmıram. Sadəcə ritorikalar, bəyanatlar dəyişəcək, ABŞ siyasəti isə olduğu kimi qalacaq”.