Tarixçi: “Qafan kəndlərində insanlarımız yaşayıblar"

“Qafan elə bir strateji yerdir ki, ora hansı tərəf nəzarət edirsə, o, həm Zəngilanı, həm də Qafanı görür”

“Qafan boşalmalıdır ki, Zəngilanın təhlükəsizliyi təmin olunsun. Yalnız bu halda həmin rayonumuzu tamamilə azad olunmuş hesab edə bilərik"

Bu gün saat 17:00-ə qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək. Bu iddia ilə erməni mediası çıxış edib. Bildirilib ki, ilk növbədə Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhəddinə daxildir.
“Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”,- deyə, erməni mənbələr yazırlar.

Tarixçi-alim, BDU Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu məsələ barədə "Sherg.az"a danışarkən bildirib ki, bu, həm ədalətli, həm də zəruridir: 

"Oralar vaxtı ilə Azərbaycan torpaqları olub. Qafan kəndlərində bizim insanlarımız yaşayıblar. Sovet sənədlərində də bu, belə göstərilib. Yəni tarixi ədalət baxımından ermənilər Qafanın ətrafını boşaltmalıdırlar və boşaldırlar.

Bu, çox əhəmiyyətlidir. Çünki Qafan elə bir strateji yerdir ki, ora hansı tərəf nəzarət edirsə, o, həm Zəngilanı, həm də Qafanı görür.

Qafan boşalmalıdır ki, Zəngilanın təhlükəsizliyi təmin olunsun. Yalnız bu halda həmin rayonumuzu tamamilə azad olunmuş hesab edə bilərik".