Komitə sədri sabiq nazirin təklifini dəstəklədi: “Şuşa sikkələr buraxıla bilər” 

“Torpaqlarımızın işğaldan azad edilməsini və ərazi bütövlüyümüzü əks etdirən bir simvolun yaradılması çox yaxşıdır”

“44 günlük mübarizəmizdə əsas simvol dəmir yumruq idi. Dəmir yumruq şəklində gümüş sikkələri tədavülə buraxmaq olar”


Sabiq Xarici işlər naziri Vilayət Quliyev Feysbuk hesabında maraqlı bir təkliflə çıxış edib. O, bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz qələbəni əbədiləşdirmək, həmçinin tarixi incimiz olan Şuşa xatirəsini əbədi yaşatmaq üçün dövriyyəyə Şuşa sikkələr buraxıla bilər:
“Maliyyəçilərimiz nə düşünür?

Şuşanın işğaldan azad edilməsi münasibəti ilə tədavülə qızıl (gümüş, bürünc) Şuşa sikkələri buraxmaq planları varmı? Hər kəs imkanına görə alardı. Hər evdə bir Şuşa simgəsi, Şuşa xatirəsi olardı. Əldə edilən vəsait isə müqəddəs şəhərimizin bərpası və yenidən qurulmasına yönəldilərdi... Həm də bu şanlı tarixi günü yaddaşlarda əbədi yaşadardıq”.
Təklifi müsbət dəyərləndirən millət vəkili Musa Quliyev “Sherg.az”a bildirib ki, belə bir təşəbbüsün yerinə yetirilməsi zəfər tariximizi gələcək nəsillərə də tanıdar:

“Tədavülə sikkə buraxmaq və yaxud başqa bir işlər də görmək olar. Yalnız Şuşa ilə bağlı deyil, bütövlükdə zəfər günümüzlə əlaqədar işlər görülə bilər. Torpaqlarımızın işğaldan azad edilməsini və ərazi bütövlüyümüzü əks etdirən bir simvolun yaradılması çox yaxşıdır. Şuşa sikkələrini dövriyyəyə buraxmaq da mümkündür. Lakin Laçın, Kəlbəcər və azad edilən digər rayonlarımız da bizim üçün əzizdir”.

Deputatın qənaətincə, sikkələrdə zəfər günü və yaxud dəmir yumruq simvolunu yaratmaq da yaxşı olardı:

“Çünki 44 günlük mübarizəmizdə əsas simvol dəmir yumruq idi. Ona görə də dəmir yumruq şəklində gümüş sikkələri tədavülə buraxmaq olar. Lakin bu işlərin hamısı dərin ölçüb-biçilməli, müvafiq müzakirələr aparılmalıdır”.