Rusiya manevr “peşində” – Status, köçürülmə və sülməramlı gəlişməsi... – Oyun içində oyun! 

"Putin gah Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyir, gah da statusdan danışır”

“Ruslar süni şəkildə Dağlıq Qarabağda demoqrafik prosesi ermənilərin xeyrinə dəyişməyə cəhd edirlər”

“Rusiyalı sülhməramlılara ehtiyac yoxdur, Azərbaycan öz süverenliyinə qayıtdıqca rus qüvvələri bölgədən çıxmalıdır”


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsidir. Putin bu barədə illik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bölgədəki vəziyyət kənar müdaxilə səbəbi ilə nəzarətdən çıxmayıb. Putin Qarabağla əlaqədar imzalanmış razılaşmaya da toxunub.O, qeyd edib ki, razılaşmada əsas nəticə insanların həyatının qorunmasıdır, qalanları isə ikinci dərəcəli məsələlərdir.

Rusiya başçısı bir müddət öncə də Qarabağın Azərbaycanın ayırlmaz tərkib hissəsi olduğunu söyləmişdi. Lakin bu etirafın altında hansı mübhəm məqamların olduğu bir qədər şübhə doğurur. Son günlər bölgədə bəzi təxribatların şahidi olduq. Bəlkə də , ermənilər yenidən aktivləşmək üçün “cəsarəti” Rusiyadan alıblar. Bu təxribatlardan sonra da Putin növbəti dəfə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edir.  Sanki eyni sözü təkrarlayaraq özünün səmimi olduğunu göstərmək istəyir, əslində isə, bəlkə də,  başqa oyunların izindədir…



Azərbaycan Demokratik Partiyasının(ADP) sədri  Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, Putinin mətbuat konfrasındakı çıxışına hərtərəfli nəzər yetirmək lazımdır:

“Məsələn, Azərbaycan tərəfi bölgədə hər hansı bir statusun olmayacağını deyir. Putin isə söyləyir ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirə olunmalıdır. Eyni zamanda bildirir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, lakin başqa bir ölkənin prezidenti kimi Dağlıq Qarabağla bağlı qərarlar qəbul edir, sülhməramlı missiyasından kənara çıxan addımlar atır.

Ruslar süni şəkildə Dağlıq Qarabağda demoqrafik prosesi ermənilərin xeyrinə dəyişməyə cəhd edirlər. Rusiya “oyunlar oynayır”. Putinin verdiyi açıqlamalar xalqımızın “başının altına yastıq qoymaq” məqsədi güdür. Ruslar heç vaxt Azərbaycan xalqının və dövlətinin maraqlarına, beynəlxalq hüquqa hörmət etməyiblər. Onlar hər zaman xalqımızın əksinə olublar.

Putin konfrans zamanı rus sülhməramlılarının sayının artması ilə bağlı da açıqlama verib. Amma Qarabağdakı rus əsgərlərinin sayını azaltmaq lazımdır. Qarabağdan ermənipərəst qüvvələr çıxdıqca, həmin ərazilər Azərbaycanın nəzarətinə keçməlidir. Bölgədə rus hərbiçilərinə ehtiyac yoxdur, orada yalnız Azərbaycan qoşunları və  hüquq mühafizə orqanları olmalıdır.

Bizim ərazilərimizdə rus əsgərinin nə işi var? Əksinə Azərbaycan dövləti məsələ qaldırmalıdır ki, getdikcə rus sülhməramlı qüvvələrinin sayı azaldılsın. Hadrutda olan ermənilər təslim oldu və çıxıb getdiklər. Onları qətlə yetirmədik. Deməli, atəşkəsə əməl edirik. Rusiyalı sülhməramlılara ehtiyac yoxdur, Azərbaycan öz süverenliyinə qayıtdıqca rus qüvvələri bölgədən çıxmalıdır”.

S.Cəlaloğlu qeyd edib ki, Rusiya təhlükəli “oyunlar oynayır”:

“Putin bir tərəfdən deyir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, digər tərəfdən isə ərazilərimizdə hərbi qüvvələrinin sayını artırmaq istəyir. Xeyir ola? Putinin bu açıqlaması sadəcə baş aldatmaqdır. Rusa inanmaq olmaz, onlar heç vaxt Azərbaycan xalqının dostu olmayıb”.