Ruslar əmindirlər !- “Ərdoğan söz veribsə, mütləq əməl edəcək” 

“S-400 raket kompleksinin alınması da bunu sübut edir”

“Türkiyə prezidentinə ABŞ, Avropa və NATO-nun bəzi ölkələri tərəfindən çoxsaylı təzyiqlər oldu. Lakin o, sözündən dönmədi”

Ərdoğan eyni zamanda Suriya, Liviya məsələsində, həmçinin Qarabağ məsələsində qətiyyət nümayiş etdi”


Dünən Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxış edib. Rusiya başçısı çıxışı zamanı bəzi maraqlı nüanslara toxunub. Putin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözünü tutan adamdır.


“Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil?” sualına cavab verən Putin tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm. Siz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dediniz. Bizim Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”.



Putinin açıqlamasına dair fikirlərini “Sherg.az”la bölüşən politoloq İlqar Vəlizadə vurğulayıb ki, Rusiya prezidentinin söylədikləri illər ərzində təsdiqini tapmış fikirlərdir. Bəzi hallarda Putinlə Ərdoğanın münasibətlərinin gərgin xarakter daşıdığını deyən politoloq vurğulayıb ki, Türkiyə başçısının sözübütöv olması ikitərəfli münasibətlərin tənzimlənməsinə gətirib çıxarır:

“Dünya praktikasından bilirik ki, hansısa dövlət başçıları bir-biri ilə danışıqlar zamanı müəyyən nəticələr əldə olunur. Amma bir vaxtdan sonra bu nəticələr pozulur. Çünki qarşı tərəf sözübütöv olmur.

Ona görə də müasir dünyada sözünün üstündə durmaq bacarığı hər kəsə məxsus deyil. Əslində bu bacarıq siyasi bir resursdur. Bu resurs ölkələr arasında normal münasibətlərin qurulmasına imkan verir. Eyni zamanda yaranmış risklər minimumuma endirilir. 

Əks halda geosiyasi risklər meydana gələ bilər. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri onu göstərir ki, artıq Türkiyə başçısının timsalında proqnozlaşdırılan tərəfdaşlıq münasibəti var.

Ruslar əmindirlər ki, Ərdoğan söz veribsə, nəyisə öhdəsinə götürübsə, mütləq əməl edəcək.  S-400 raket kompleksinin alınması da bunu sübut edir. Türkiyə prezidentinə ABŞ, Avropa və NATO-nun bəzi ölkələri tərəfindən çoxsaylı təzyiqlər oldu. Lakin o, sözündən dönmədi.

Ərdoğan eyni zamanda Suriya, Liviya məsələsində, həmçinin Qarabağ məsələsində qətiyyət nümayiş etdi”.