““Human Rights Watch” erməni vəhşiliyini etiraf edib”

“Bəzi təşkilatlar Azərbaycanın hərbi və siyasi qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər ediblər”

“Onlar Ermənistanın faşist siyasətini, beynəlxalq hüquqa zidd cinayətlərini pisləməyə məcbur olurlar”


“Human Rights Watch” insan haqları təşkilatı “Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson hesabatda bildirib ki, klastr sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir:

“Həm Ermənistan, həm də Azərbaycan klastr sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır.



Təşkilatın yaydığı hesabatla bağlı “Sherg.az”a danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, sözügedən hesabat  Ermənistanın insanlığa zidd əməllərinin beynəlxalq səviyyədə etiraf edilməsidir:

“Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi dünyanın əksər aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara həqiqət anı oldu.

Diqqət çəkən məqamlardan biri də  budur ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı əsassız iddialarla çıxış edən, feyk məlumatların yayılmasında maraqlı olan bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bu gün, Azərbaycanın hərbi və siyasi qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər edirlər.

Həqiqətləri dilə gətirirlər, hazırladıqları hesabatlarda Ermənistanın müharibənin gedişində qadağan edilmiş  ballistik raketlərdən və klastr bombalarından istifadə etdiyini təsdiqləməyə məcbur olurlar”.

Parlament üzvü söyləyib ki, artıq bəzi beynəlxalq hüquq müdafiə  təşkilatları da  ölkəmizə qarşı qərəzli mövqelərinə son qoyaraq  Ermənistanın faşist siyasətini, beynəlxalq hüquqa zidd cinayətlərini pisləməyə məcbur olurlar:

“Təbii ki, bu uğurumuz Azərbaycanın hərb meydanında olduğu kimi, beynəlxalq siyasi arenada da qətiyyətli mövqeyinə, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət həyata keçirməsinə söykənir. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızda ədaləti bərpa edən Azərbaycan  nəinki regional, hətta qlobal dünya siyasətində də yeni reallıqlar yaradaraq illərdir yaşanan hüquq problemini aradan qaldırır”.