Bir olaq, birlik olaq

Şəhidlərin və qazilərimizin tanıdılması günün mövzusudur

Vətən müharibəsində olduğu kimi, mediamız bu istiqamətdə də var gücü ilə işləyəcək

 Məlum olduğu kimi, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan, dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. Xalqımız bu günlərdə böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Hazırda isə qarşıda yeni mühüm vəzifələr durur. Bu vacib vəzifələrdən biri şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

Sirr deyil ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədi. Bu, Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır. Fərman bu sahədə vətəndaş cəmiyyətinin iştirakının və şəffaflığın təmin olunması baxımından xüsusilə əhəmiyyətlidir. Fərmanda da qeyd olunduğu kimi, Fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Bu Fərman, eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir.

Müharibədə olduğu kimi, bu gün də medianın üzərinə böyük yük düşür. Təbii ki, bu gün medianın ən vacib işlərindən biri şəhid və qazilərimizin tanıdılması və onların ailələrinin problemlərinin işıqlandırılmasıdır. Bəs medianın bu dönəmdə əsas iş prinsipi necə qurulmalıdır?

Sualımızı cavablandıran media eksperti Turan İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, 44 günlük savaş müddətində Azərbaycan cəmiyyəti elə bir birlik, elə vəhdət əldə etdi ki, bunu bir zamanlar ancaq xəyal edə bilərdik. T.İbrahimov qeyd edib ki, bu həm də birbaşa informasiya siyasəti ilə bağlı idi: “Bu, ilk gündən etibarən indiyədək Azərbaycanda mövcud olmayan yanaşma ilə həyata keçirildi. Və nəticədə istədiyimiz hər şeydə nailiyyətlərə sahib olduq. Burada söhbət informasiya siyasətindən gedir. Savaş bitdikdən sonra da yanaşma olduqca gözəl və mükəmməldir. Yəni bizim şəhidlərimizin, qazilərimizin, onların yaxınlarının mediada təbliği çox təqdirəlayiqdir. Onu da qeyd edim ki, bu təbliğat özü də pozitiv müsbət çalarla davam edir”.

T.İbrahimov vurğulayıb ki, həm şəhid, həm də yaralıların müəyyən problemlərinin aradan qaldırılması üçün bu yaxınlarda dövlətimiz tərəfindən “YAŞAT” fondu yaradılıb: “Düşünürəm ki, bu çox düzgün qərar idi. Çünki bu fond o deməkdir ki, hər bir vətəndaş şəhidlərin və yaralıların problemlərinin aradan qalxmasında yaxından iştirak edə bilər. Hər kəsin media üzərindən bu fonda ianəyə, yəni fond üzərindən dəstəyə yönləndirmək lazımdır. Fərdi qaydada təbii ki, hər kəs öz qohumunu, qonşusunu, imkan daxilində onları dəstəkləyir. Amma media üzərindən mütəmadi olaraq təbliğat aparılmalı və bütün istiqamətlər “YAŞAT” fonduna yönəldilməlidir. Qeyd edim ki, bu fond artıq “ASAN” xidmətin nəzdində fəaliyyət göstərir. Daha doğrusu, təşkilat işlərini “ASAN” xidmət həyata keçirir. Və şəffaflığına da heç bir şübhə ola bilməz. Media üzərindən ictimaiyyətin bütün fikri, diqqəti birmənalı şəkildə bu fonda istiqamətləndirilməlidir. Çünki bunun sayəsində şəhid və qazi ailələrinin müəyyən problemləri, məişət qayğılarının aradan qalxmasına gətirib çıxarar”.

"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında bildirib ki, bu məsələ yalnız mətbuatın həll edə biləcəyi məsələ deyil. Ekspert vurğulayıb ki, qazi, şəhid və onlara bərabər tutulan şəxslərlə bağlı yeni qanunun qəbuluna ehtiyac var:

“ Media ictimai nəzarət rolunu oynamalıdır. Şəhid ailələrinə problemlər yaradan məmurların ifşa edilməsi, cəzalandırılmasında media mühüm rol oynaya bilər. Düşünürəm ki, hələ yaralar sağalmayıb. Qazi və şəhidlərimiz diqqətdən kənarda qalmayacaq. Hər bir müharibə qəhrəmanı barədə yazılacaq, filmlər çəkiləcək. Onlara süni problem yaradan məmurları da unutmayacağıq və onları ifşa edəcəyik. Hər şeyin zamana ehtiyacı var. Hələ döyüşlərə ara verilsə də, şəhidlərimiz yenə də var. Biz bir olmalı, qazi və şəhidlərimizin ailələrini unutmamalıyıq. Onsuz da onlara olan mənəvi borcumuzu ödəyə bilməyəcəyik”.

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyin sədri Asəf Quliyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, mövzu çox həssas olduğu üçün bu işlər mediada ilk olaraq peşəkarlara həvalə edilməlidir:

“Bu həm vicdan, həm də vətənpərvərlik məsələsidir. Bu məsələdə hansısa inzibati qaydalarla nəyisə tənzimləmək yersiz olar. Bu bir vicdan məsələsidir, o cümlədən redaksiyaların daxili nizam-intizam qaydasında mövzuya önəm verməsi çox önəmlidir. Çünki bu mövzu çox həssas mövzudur. Yəni bunu hər hansısa inzibati qaydada tənzimləməyin tərəfdarı deyiləm. Sadəcə olaraq, bir xalq və millət olaraq mediada buna həssas yanaşılmalıdır. Bir də peşəkarlıqdan çox şey asılıdr. Çox istərdim ki, redaktorlar, baş redaktorlar yazan adamın peşəkarlığına xüsusi diqqət yetirsinlər. Yəni şəhid və qazilərimiz haqqında yazılacaq mövzular hər adamın yazacağı bir mövzu deyil”.

Jurnalist Tahir Hümmətov “Şərq”ə açıqlamasında bildirib ki, ilk olaraq hər hansı bir şəhid ailəsinin problemi mətbuata çıxmamalıdır. Yəni o, kiməsə nəql olunanadək öz həllini tapmalıdır:

“Çünki həmin şəhid və ya qazi ailələri doğmalarını cəbhəyə göndərərkən, hansı çətinlikləri yaşadıqlarından çoxumuzun xəbəri olmayıb. Halbuki, həmin şəxslər də öz ocaqlarında qalıb, problemlərini həll edə bilərdilər. Lakin vətəni əzizlərindən, onların necə yaşamasından üstün tutub, bu gün fəxrlə danışdığımız zəfəri bizə hədiyyə ediblər. Ona görə hər birimiz onlara ömür boyu borcluyuq. Onlara köməyi elə etməliyik ki, bəzən özləri də bilməsinlər, ondan utanmasınlar. Bəli, təəssüf hissi ilə demək olar, bir çox qazilərimizin və şəhidlərimizin ailələrində sıxıntılar var. Onlar ilk növbədə yerli icra orqanları tərəfindən həll edilməlidir. Lakin tək rəsmi qurumlar, qohum-qonşular deyil, hər birimiz onları doğma bilməliyik. Bəziləri hansısa quruma müraciət etməyi özlərinə sığışdırmaya da bilər. Bunu nəzərə alıb, onları doğmalarımızla eyni görməliyik. Əks halda, torpaq üzərində rahat gəzməyimiz belə düz deyil. 30 illik həsrəti məhz onlar bitiriblər. Hər bir şəhidimizi hər gün yad edilməli, onların bizə qoyduğu əmanət qorunmalıdır. Qazilərimizə dəyən hər hansı bir gülləni öz bədənimizdə hiss etməliyik. Belə olarsa, onlar çətinliklə üzləşməzlər və heç vaxt kiməsə ağız açmazlar. Nəticədə də həmin söhbətlər heç mətbuata çıxmadan həll edilər”.