Sanksiya heç vaxt işə yaramayıb

ABŞ-Türkiyə münasibətlərinin dərin qatlarına baxmaq lazımdır

"Co Baydenin Türkiyəyə baxışı isə bəllidir. Onun komandasında çox sayda ermənipərəst siyasətçilər yer alıb ki, bu məqam təkcə Türkiyə üçün deyil, Azərbaycanda narahatlıqla qarşılanır"

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi son sanksiyaların görünən tərəfində S-400 faktoru ola bilər, amma daha dərin qatlarda Türkiyənin müstəqil siyasət aparmasına qısqanclıq münasibəti dayanır. Nəzərə alaq ki, NATO-ya daxil olan ölkələrdə Rusiya istehsalı olan HHQ sistemlərindən istifadə olunması yenilik deyil. Məlum olduğu kimi, Yunanıstan həmin sistemləri Rusiyadan alıb, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olmayıb. Türkiyə hərbi alyansın iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, qərəzsiz yolla həll etməyi təklif edib. Lakin Türkiyənin təşəbbüsünə münasibət bildirilməyib. Çünki ortada qərəz və açıq ikili standartlı siyasət var. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da deyib ki, “məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir”. Ərdoğan bildirib ki, Vaşinqtonun addımı Türkiyənin suverenliyinə qarşıdır. Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni özündən asılı vəziyyətə salmaqdır. Türkiyə prezidenti qeyd edib ki, ölkəsi belə halla ilk dəfə rastlaşmır: “İndiki çətin vəziyyətdən çıxmaq üçün müdafiə sənayesi sistemini daha da gücləndirəcəyik. Türkiyə 1974-cü ildə də Kipr məsələsində belə bir vəziyyətlə üzləşib. Türkiyə artıq bu cür sanksiyalara əhəmiyyət verməyəcək. Əlbəttə, problemlərimiz olacaq, amma hər problem bizə daha başqa çıxış və həll yolları açacaq”. 

Qardaş ölkəyə təzyiqləri “Şərq”ə dəyərləndirən professor Toğrul İsmayıl deyib ki, Amerika Yaxın Şərq bölgəsinə girdikdən sonra Vaşinqton-Ankara münasibətlərini birmənalı şəkildə dəyərləndirmək mümkün deyil. Siyasi şərhçinin sözlərinə görə, iki ölkə arasında bəzən yumşalma, bəzən isə qarşıdurma müşahidə olunur:

“Buna rəğmən, bugünədək iki müttəfiq ölkə arasında əlaqələr, əməkdaşlıq davam etməkdədir. Münasibətlər heç zaman tamamilə qopacaq hala gəlməyib. ABŞ-ın Türkiyədə bir neçə şəxsə sanksiya tətbiq etməsi də əlaqələrə ciddi təsir göstərməyəcək. Senatın bir müddət əvvəl aldığı qərarlar mütləq icra olunmalı idi. Hökumət sanksiya qərarı içindən ən “yumşaq” olanını seçib. Sadəcə iki-üç şəxsə sanksiya tətbiq edilməsi simvolik məna daşıyır və ağır nəticələr verə bilməz. Türkiyə hər zaman belə sanksiyalara hazırdır. Məsələnin dərin qatlarına baxmaq lazımdır. Dövlət katibi Pompeo sanksiya qərarının Ankaraya təzyiq olmadığını, məsələnin “S 400”lə bağlı olduğunu iddia edir. Ancaq bu, doğru deyil. Çünki “S 400” raker kompleksləri Türkiyə tərəfindən artıq alınıb və məsələ bitib. Amerika müttəfiq olaraq sadəcə etiraz edə bilər ki, niyə Rusiyadan silah alınıb. Amma Türkiyə müstəqil ölkədir və hər hansı dövlətlə hərbi əməkdaşlıq etməsinə qadağa yoxdur”. 

Professorun fikrincə, Türkiyənin güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var:

“ABŞ öz “Patriot” sistemlərini Türkiyəyə satmır, başqa ölkədən tədarük etməsinə isə qarşı çıxır. Bu, məntiqsiz yanaşmadır. Türkiyə zəruri tələbatını ödəmək məcburiyyətində idi. Rusiya üçün də alış-veriş mühümdür. Rusiya ilk dəfə olaraq bir NATO ölkəsinə hava hücumundan müdafiə sistemi satdı. Xatırladım ki, Yunanıstanın əlində Rusiyaya məxsus S 300 raket kompleksi var.

Amma buna görə, Afinaya hansısa sanksiya tətbiq edilməyib. Bu motifikasiyanın aşağı növlərinə başqa NATO ölkələri də sahibdir. Göründüyü kimi məqsəd konkret Türkiyəyə siyasi təzyiq göstərmək və Ankaranı Amerikanın bölgədəki “xidmətçisi” halına salmaqdır. Türkiyənin son dövrlərdə müstəqil siyasət həyata keçirməsi, hərbi sənayesini inkişaf etdirməsi Ağ Evi narahat edir”. 

T.İsmayıl vurğulayıb ki, ABŞ-da Demokratların Türkiyəyə mövqeyi hər zaman qeyri-adekvat olub: 

"Qərəzli yanaşma Klinton və Obama dövründə açıq hiss olunurdu. Tramp dönəmində ciddi dəyişiklik müşahidə olunmadı. Əməkdaşlıq orta səviyyədə davam etdi. Yeni prezident Co Baydenin Türkiyəyə baxışı isə bəllidir. Onun komandasında çox sayda ermənipərəst siyasətçilər yer alıb ki, bu məqam təkcə Türkiyə üçün deyil, Azərbaycanda narahatlıqla qarşılanır. Lakin Türkiyənin bölgədəki yeri və fəaliyyəti güclüdür. Modern dünyada iqtisadi sanksiyalarla hansısa dövləti diz çökdürmək mümkün deyil. İran uzun illərdir Qərbin sanksiyalarına məruz qalır, lakin yenə öz siyasətindən vaz keçmir. Rusiya da sanksiyalara rəğmən öz mövqeyini dəyişmir. Sanksiyalar heç vaxt işə yaramayıb. Fikrimcə, Bayden dönəmində ABŞ-Türkiyə münasibətləri ziqzaqlı olacaq, ciddi dəyişiklik yaşanmayacaq. Bəzən yaxınlaşma, bəzən isə uzaqlaşma baş verəcək”.