Hər kəsin əlində uzun bir dərman siyahısı...

Bu günlərdə ən böyük yoluxma mənbəyi apteklərdir

"Biz də insanları vaksinə inandırmalıyıq. Əksini düşünənlər bu xalqa düşmənçi lik edir"

Koronavirusa yoluxmada  panika, stres  öldürücü ola blər. Ümumiyyətlə, mütəxəssislər  insanlara hər hansı xəstəliyə tutulma zamanı həyəcan və təşvişdən uzaq olmağı tövsiyə edirlər. Bu tövsiyə eynilə koronavirusa da aiddir.  Payız mövsümü başlanandan  ölkə əhalisinin  immunitet gücləndirici preparatlara aludə olduğu, vitamin C və başqa immunyüksəldici  dərmanlar  qarışığı sistemlər köçürməyə  çalışdıqları görünür. Pandemiyanın ilk vaxtlarında əhali arasında koronavirusa olan inamsızlıq hazırda böyük ölçüdə panika ilə əvəzlənib. İnsanlar lazım oldu-olmadı vitaminlər qbul edir,  iynə vurdurur, sistem köçürdür. Tibb sahəsinin mütəxəssisləri isə bunun ziyanlı olduğunu,  lazımsız yerə dərmanlarla yüklənmənin  orqanizmi zəiflətdiyini bildirirlər. Amma əhali sanki deyilənləri eşitmir, tövsiyələrə, məsləhətlərə duyarsız qalır. Pediatr Vaqif Qarayev sosial şəbəkə vasitəsilə yenə vətəndaşlara müraciət edib.  

“COVİD 19”la bağlı mütəxəssislər deyir, panikaya düşməyin! Koronavirusa yoluxub müəyyən təcrübəsi olanlar da deyir, panikaya düşməyin!  Düz deyirlər! Panika, təşviş, həyəcan immun sistemi zədələyir, zəiflədir. Xəstəliyin daha ağır keçməsinə zəmin yaradır”. 

“Şərq”ə açıqlamasında V.Qarayev sosial şəbəkədə paylaşdığının üzərində bir daha dayanaraq qeyd edib ki, hazırda ən çox yoluxma mənbəyi apteklərdir: 

- Hər kəsin əlində uzun bir siyahı. Kim deyib axı,  hamıya sistem köçürülməlidir?!  Belə qıra bilməyəcəyik yoluxma zəncirini.  Şükür, avtobuslarda seyrəklikdi. Amma apteklərdə kifayət qədər sıxlıqdır. İnsanları qınamaq fikrim yoxdur. Panikanın əsirinə çevrilib əksəriyyət. Hər kəs öz başına çarə axtarır. Düzgün  deyil. 

V.Qarayev bir qrup insanın sanki “kəşfiyyatçı” kimi bəd xəbər axtarışında olduğunu da təəssüflə qeyd etdi:

"Fürsət düşən kimi həyəcan doğuracaq xəbərlər paylaşırlar. Etməyin! Etməməklə başqasının əsəb sistemini qorumuş olursunuz!” 
Həkim qeyd edir ki, hazırda bütün dünya ümidini vaksinə bağlayıb.

Bizə yaxın və uzaq ölkələrdə peyvəndləmə başlayır.  Avropa İttifaqı da vaksinasiyaya başlamaq haqqında qərar verib. Bu gün bu bəladan qurtulmağın başqa yolu yoxdur. Biz də insanları vaksinə inandırmalıyıq. Əksini düşünənlər bu xalqa düşmənçilik edir”.