Politoloq: Xankəndi, Xocavənd və Ağdərədə suverenliyimizin bərpa edilməsi mütləqdir

“Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı “status məsələsi”ni qaldırması ermənilərin müdafiəsi anlamına gəlmir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, Putin Rusiyanın bölgədəki maraqlarından çıxış edir: 



“Qarabağda “status” məsələsi Rusiyanın burada sülhməramli qüvvələr adı altında öz ordusunun saxlanması üçün siyasi şəraitin davam etməsi deməkdir. Putinin “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” dedikdən sonra “status məsələsi dəyişməzdir” tezisi hər iki tərəfin maraqlarını qorumaq və balans yaratmaq məqsədi güdür. Bununla da münaqişənin lokal davam etməsinə zəmin yaradır. Rusiyanın Qarabağda sülhməramlı qüvvələri ilə təmsil olunması sülhün və təhlükəsizliyin qarantlı olmadığını ilk gündən qeyd etmişəm. ABŞ ötən gün verdiyi bəyanatda Qarabağda rus sülhməramlı qüvvələrini təhlükəsizliyə təhdid kimi dəyərləndirib”. 


M.Əsədullazadənin fikrincə, Azərbaycan ictimaiyyəti və Qərb Rusiyanın Dağlıq Qarabağda provakativ missiyasını yaxşı bilir: 

“Rusiya Türkiyənin regionda mövqeyinin güclənməsini qəbul etməklə, Cənubi Qafqazda ciddi söz sahibliyini əldən verib. Kiçik bir ərazi olan Xankəndi, Xocavənd və Ağdərədə suverenliyimizin bərpa edilməsi mütləqdir. Bu proses regionda dəyişən şərtlərdən və Türkiyə-Azərbaycan birliyinin daha da güclənməsindən asılı olacaq”.