Baş nazir öz səhvlərini düzgün dəyərləndirməyə başlayıb - Partiya sədri 

"Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqına etdiyi  video-müraciətində səsləndirdiyi fikirlərdən anlaşılır ki, bu adam Ermənistanın 44 günlük savaşda ağır məğlubiyyətinin təsiri nəticəsində az da olsa ağıllanıb".

Bu barədə "Sherg.az"a Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, hiss olunur ki, baş nazir Ermənistan hakimiyyətlərinin indiyə qədər Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətinin yaratdığı fəsadları, habelə öz səhvlərini düzgün dəyərləndirməyə başlayıb:

"Ermənistanda 3 günlük ümummilli matəm elan olunub. Onlar İkinci Qarabağ müharibəsində öldürülmüş əsgər və zabitlərinin xatirəsinə yas saxlayırlar. Paşinyanın bu münasibətlə bütün ermənilərə etdiyi müraciətinin giriş hissəsində vurğuladığı məqamlar ermənilərin özləri üçün dərs almalı, nəticə çıxarmalı olduqları məqamlardır. Paşinyan deyib ki, gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamaq lazımdır. Paşinyan beyin silkələnməsi yaşayıb və ayıq düşünməyə, real fikirlər səsləndirməyə başlayıb. O, dərk edir ki, artıq bundan sonra Azərbaycanla güc diliylə, müharibə ritorikası ilə, revanşist çağırışlarla danışmaq olmaz. Çünki bundan sonra başlaya biləcək hər hansı bir genişmiqyaslı hərbi əməliyyat bütövlükdə Ermənistanın özünün məhvi ilə nəticələnə bilər".

Ə.Hüseynov vurğulayıb ki, Paşinyan bu acı həqiqəti başa düşür. Ancaq sıravi ermənilər başa düşmür:

"Övladları müharibədə həlak olmuş erməni əsgər analarını, atalarını çıxmaq şərti ilə, yerdə qalan ermənilərin əksəriyyəti revanşist düşüncəyə, qisasçı əhval-ruhiyyəyə kökləniblər. Daha doğrusu, onları bu əhval-ruhiyyəyə kökləyən siyasi qüvvələr var. Söhbət sabiq prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, sabiq baş nazir Vazgen Manukyan, habelə Artur Vanetsyan kimi digər rusiyapərəst siyasi fiqurların körüklədiyi qüvvələrdən gedir. Onlar müharibədən məğlub çıxmış Ermənistanın məğlubiyyətin gətirdiyi reallıqlarla, kapitulyasiyanın şərtləri ilə barışmasını və erməni xalqının öz acı taleyi ilə üzləşib postmüharibə dövrünə transformasiya olunmasını istəmirlər. Erməni xalqının millətçi və qisasçı hisslərini qızışdıraraq hazırki hakimiyyəti devirmək və öz siyasi maraqlarını həyata keçirmək istəyirlər. Erməni xalqından öz siyasi mənafeləri üçün alət kimi istifadə edirlər".