Vəziyyət kritikdir ! - “Vəzifəli şəxslər də məsuliyyətli davranmalıdırlar”

“Məsələn gizli kafelər, restoranlar işlədilir. Bütün bunlar insanların sağlamlığına ziyan vurur, yoluxanların sayı artır”

“Gərək onlar işlərini elə qursunlar ki, vətəndaşları virusa yoluxdurmasınlar”

“Bir sözlə, cərimə miqdarının artırılması insanları qorumaq üçün atılan addımdır”


Azərbaycanda maska taxmamağa görə cərimlər artırılıb. Bununla bağlı məsələ Milli Məclisin ötən həftə baş tutan iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırda isə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Yeni qərarı “Sherg.az”a şərh edən millət vəkili Jalə Əliyeva söyləyib ki, koronavirusa yoluxanların sayı durmadan artır. Görülən tədbirlər də bu artımın qarşısını almaq üçündür:

“Vəziyyət olduqca kritikdir. Məsələn gizli kafelər, restoranlar işlədilir. Bütün bunlar insanların sağlamlığına ziyan vurur, yoluxanların sayı artır. Ona görə ciddi tədbirlər görülür. Qaydalara əməl etmək lazımdır. Yeni qərar insanlarda məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir. Daha əvvəl də cərimənin məbləği artırılıb. Bəlkə, insanlar, xüsusilə də vəzifəli şəxslər bundan sonra məsuliyyətli davranarlar. Gərək onlar işlərini elə qursunlar ki, vətəndaşları virusa yoluxdurmasınlar. Bir sözlə, cərimə miqdarının artırılması insanları qorumaq üçün atılan addımdır”.