Rus politoloq: “Ermənistan Azərbaycanla qarşıdurmaya gedəcək” - Başqa "kartlar” var !

“Rəsmi İrəvan bunu gizlətmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olsa da, sakitləşmədi”

“Bir sıra Qərb ölkələrindəki erməni diasporu “Artsax”ı tanımağa dair şüarlar səsləndirməklə aktivləşiblər”

"Daha vacibi odur ki, ermənilər nəticə çıxardılar: Azərbaycan və Türkiyə İrəvanı özünə tabe etməmiş  dayanmayacaq"

 “Qərb rus sülhməramlılarını Qarabağda uzun müddət “kilidləməyə” çalışacaq. Qərbin yeni tonqal alovuna ehtiyacı var”

“Şərti olaraq  “Üçüncü Qarabağ savaşı”nın başlanması Türkiyəyə münasibətlərdən asılı olacaq”


Noyabr 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatdan sonra Qarabağ məsələsinin birdəfəlik həll olunduğunu düşünürdük. Düzdür, qələbəmizə əsla şübhə yoxdur. Azərbaycan tarixə düşəcək, əbədi və dəyişməz zəfər qazanıb. Amma, deyəsən, hələ rahat nəfəs almaq tezdir. Çünki Ermənistan tərəfi “ağıllanmır”. Gah təxribat törədilir, gah da dövlət başçısı səviyyəsində sərsəm bəyanatlar səsləndirilir.  Bu yerdə adamın yadına bir misal düşür: Qozbeli qəbir düzəldir. Deyəsən, Ermənistan hərbi-siyasi hakimiyyəti “qəbrə girənədək” əl çəkməyəcək.
Lakin əsas məsələ dünya ölkələrinin, o cümlədən əsas iştirakçılara çevrilən Türkiyə və Rusiyanın məsələyə münasibətidir. 


“Sherg.az” olaraq məsələ ilə bağlı rusiyalı politoloq Qriqori Trofimçukla əlaqə saxladıq, onun fikirlərini öyrəndik:

-Sizcə, müharibənin başlanmasını zəmin yaradan səbəblər nələr idi?

-Əsas təhrikedici amil Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyi idi. O, çox radikal bəyanatlar səsləndirir, “Dünyadakı ərazini dəyişdirmirəm” deyirdi. Hətta danışıqları sələfi Serj Sarkisyan kimi nominal formada da aparmaq istəmədi. Həmçinin hərbi əməliyyatların başlanmasında ATƏT-in Minsk qrupu da ciddi məsuliyyət daşıyır. Bu qurum əvvəlki gərginləşmədən, yəni 2016-cı ilin aprelindən sonra münaqişənin həllinin yaxınlaşması naminə faktiki olaraq heç nə etmədi.

-Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz?

-Ermənistanda bu açıqlamanın müvəqqəti, məcburi bir qərar olduğunu və bu addım üçün əsas məsuliyyətin Paşinyanın üzərinə düşdüyünü düşünürlər. Nəzərə almalıyıq ki, bu, tam hüquqlu bir sülh müqaviləsi deyil. Ona görə  Ermənistan Azərbaycanla daha kəskin qarşıdurmaya gedəcək.  Rəsmi İrəvan bunu gizlətmir. Başqa sözlə, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olsa da, sakitləşmədi. Təsadüfi deyil ki, bir sıra Qərb ölkələrindəki erməni diasporu “Artsax”ı tanımağa dair şüarlar səsləndirməklə aktivləşiblər. ABŞ Ağ Evindəki hakimiyyət dəyişikliyinin də məsələlərə ciddi təsiri olacaq. Sadə dillə desək, Qərbin Cənubi Qafqazda böyük və uzun müddətli bir müharibəyə, Rusiya yaxınlığında yeni tonqal alovuna ehtiyacı var. Və Qərb rus sülhməramlılarını Qarabağda uzun müddət “kilidləməyə” çalışacaq.

-Dediklərinizdən belə başa düşdüm ki, Ermənistan üçün bu bəyanat sadəcə kağız parçasıdır…

-Hər halda bu torpaqlarda hələ tam dinclik gözləməyə dəyməz. Düzdür, Ermənistanın özü artıq noyabr razılaşmasının bütün şərtlərini yerinə yetirdiyinə inanır. Ancaq daha vacibi odur ki, ermənilər nəticə çıxardılar: Azərbaycan və Türkiyə İrəvanı özünə tabe etməmiş  dayanmayacaq. Görünür,  bunun üçün əlverişli dövr gəlib. Bu səbəbdən İrəvan yalnız birbaşa müharibə formatında deyil, real bir fürsət ortaya çıxan kimi intiqam almağa hazırlaşacaq.

-Elə isə müharibənin yenidən başlanma ehtimalı ilə real hesab edirsiniz?

-Ən böyük problem Dağlıq Qarabağın statusu ilə bağlıdır. Bu, hamı üçün çaşqınlıq yaradır. Azərbaycandan fərqli olaraq, beynəlxalq səlahiyyətlilər hələ də nə edəcəklərini bilmirlər. Beləliklə, bu ziddiyyətlərin yekunu kimi müharibə ehtimalı qalmaqdadır. Şərti olaraq  “Üçüncü Qarabağ savaşı”nın başlanması daha çox hazırda Qarabağda nəzarət payına sahib olan tərəflərdən biri- Türkiyəyə münasibətlərdən asılı olacaq.
-Ermənistandakı daxili vəziyyət hər kəsə məlumdur. Necə düşünürsünüz, Paşinyanın devrilməsindən sonra nələr ola bilər?
-Orada vəziyyət çox çətindir. Paşinyan bütün müxalifət qüvvələrin yekdil fikrincə, birmənalı şəkildə xaindir. Yəni vətən düşmənidir. Amma  təkcə bu barədə danışmaq kifayət deyil. Etirazçılar Paşinyanı devirməyə qadir deyillər. Bunun üçün 2018-ci ilin yazında- Paşinyan hakimiyyətə gələn vaxtdakı əlverişli şərait, xarici təzyiq yoxdur. Həmçinin  Paşinyanın hələ də onu fanatik səviyyəsində sevən çoxlu sayda tərəfdarlarının olduğunu nəzərə almalıyıq. Bu problemə müxalifətin müvəqqəti rəhbər olaraq təyin etdiyi Vazgen Manukyan da diqqət çəkdi. Başqa bir problem var: müxalifət məğlubiyyətə uğrayan Ermənistanda güc istəmir. Daha sadə dillə desək, Ermənistanda demək olar ki, “oğurlamaq” üçün nəsə, dolayısı ilə müxalifəti hakimiyyətə gəlməyə tələsdirən stimul  yoxdur. Hər halda  Manukyan erməni kütlələrini oyada bilməz; burada tamamilə yeni bir siyasi sima tələb olunur.

-Bundan sonra diplomatik istiqamətdə nələr olacaq?

-Bakı və Ankaradan başqa, maraqlanan tərəflərin heç biri ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı suallar qaldırmır. Buna görə də xarici müşahidəçilər ATƏT-in Minsk qrupunun formatını “dirçəltməyə” və beləliklə, Ermənistan-Azərbaycan danışıqlarını heç nə olmamış kimi davam etdirməyə hazırdırlar. Mən bilirəm ki, Azərbaycan danışıqlara hazırdır. Fəqət yalnız və yalnız konkret "yol xəritəsi" əldə etmək üçün. İrəvanda nə istədiklərini isə artıq yeni xarici işlər naziri Ayvazyan söyləyib.  Ermənistan hakimiyyəti daha nəyisə qurban verməyə hazır deyil və təbii ki, heç kim oradakı son torpağın itirilməsinə getməyəcək. Beləliklə, həm yeni, sonsuz danışıqlar, həm də müharibənin davam etməsi üçün əsaslar var. Onu da deyim ki, Rusiyanın məsələyə münasibəti Fransa və Amerikadakından fərqlənir. Məncə, Kremlin Qarabağ uğrunda müharibəni davam etdirməsinə ehtiyacı yoxdur.

-Bu dövrün informasiya müharibəsini necə dəyərləndirirsiniz?

-Tərəflər bir-birlərinin yalan məlumat yaydıqlarını deyirlər. Buna görə hər iki ölkə kənar müşahidəçilərin onu dəstəkləməsi və məhz onun səsini eşitməsindən ötrü böyük səy göstərməlidir. Deməyim odur ki, informasiya sahəsi əsas döyüş meydanına çevrilib. Bu məkanda köhnə coğrafi xəritələrə çox az istinad olduğuna görə, müasir peşəkarlığa ehtiyac var. Əsrlər əvvəl Qarabağda baş verənlər heç kimi maraqlandırmır. Daha vacibi hazırda gedən proseslər, bizim gördüklərimizdir. Yəni artıq kimisə ovsunlaya bilməyən tarixçilər saralmış sənədləri ilə kənara çəkilməli, politoloqlar danışmalıdırlar.
-Artıq Zəngəzur və Qafanın Azərbayacana qaytarılması məsələsi gündəmə gəlib. Bu barədə nə düşürsünüz?
-Hazırda Ermənistan hakimiyyəti Qarabağı tam qaytarmayacağı təqdirdə, Azərbaycan və Türkiyənin İrəvanadək gedəcəyini fikirləşir. Ermənistanın öz gücünə, müqavimət qabiliyyətinə inandığını nəzərə alsaq, bu ehtimal daha realdır. Digər tərəfdən, indi çox şey Ermənistanın tamamilə məhv edilməsi və KTMT-nin tətbiqi layihəsinə açıq şəkildə hazır olmayan Moskvanın mövqeyindən asılıdır. Fəqət heç kim Paşinyanın nə istədiyini dəqiq bilmir. Bu "inqilabçı" açıq şəkildə bütün Cənubi Qafqazda sabitliyi pozmaq məqsədi güdür, indi onun əlində “oynamadığı xeyli kart var”. Məsələn rus ordusunu özünə cəlb etmək məqsədilə qondarma rejimin tanınmasına və müharibəni davam etdirməyə razı ola bilər.