Böyük qayıdış ! - “Xankəndidə ermənilərin satdıqları evləri almaq olar”

“Ora köçmək istəyən azərbaycanlılara yumşaq şərtlərlə bank kreditləri verilməlidir”

“Azərbaycanlıların ermənilərin kompakt yaşadıqları bölgəyə qayıdışları Dağlıq Qarabağın Azərbaycana bağlılığını artıracaq”


Xankəndidəki ermənilər mənzillərini satışa çıxarır. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Mənzillər 35-40 min dollara satılır. Qiymətlərin aşağı olması ermənilərin şəhəri mümkün qədər tez tərk etmək istəməsindən xəbər verir.
Ordumuz işğal altındakı şəhər və rayonları azad etdikdən sonra bölgənin minalardan təmizlənməsinə başlanıldı. Bundan sonra bölgədə tikinti işləri və azərbaycanlıların köçürülməsinə başlanacaq. Azərbaycanlılar Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Fizuli və Cəbrayıla köçəcəklər. Ancaq azərbaycanlılar vaxtilə Xankəndidə də yaşayırdılar. 

Bəs vətəndaşlarımız gələcəkdə Xankəndinə qayıda bilərlərmi?

Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, əlbəttə, hazırda bu , mümkün deyil. Ancaq gələcəkdə azərbaycanlıların Xankəndinə köçəcəkləri istisna olunmur. Analitik vurğulayıb ki, Xankəndidəki ermənilərin ucuz qiymətə satdıqları evləri almaq olar. Politoloqun fikrincə, azərbaycanlıların Xankəndinə köçmələri üçün iki şərt yerinə yetirilməlidir:

“Birincisi, Xankəndinə köçmək istəyən azərbaycanlıların təhlükəsizlik məsələləri həll olunmalıdır. Çünki azərbaycanlılar erməni silahlılarının əhatəsində yaşamayacaqlar.

Onların təhlükəsizliyini bölgədə yerləşən azərbaycanlı və türkiyəli hərbçilər təmin edəcəklər. Digər tərəfdən azərbaycanlılar Xankəndidə kompakt şəkildə yaşaya bilərlər. Yəni azərbaycanlıların Xankəndidən ayrıca məhəllləsi ola bilər.

İkincisi, azərbaycanlıların Xankəndinə köçməsinə şərait yaratmaq üçün Azərbaycan dövlətinin xüsusi proqramı olmalıdır. Bu proqrama görə, Xankəndinə və digər ərazilərə köçmək istəyən azərbaycanlılara müvafiq bank kreditləri ayrılmalıdır. Bu kreditlər daha yumşaq şərtlərlə verilməlidir.

Sosial şəbəkələrdə bəzi azərbaycanlılar Xankəndinə köçmək istədiklərini bildirirlər. Deməli, belə azərbaycanlılar az deyil. Azərbaycanlıların ermənilərin kompakt yaşadıqları bölgəyə qayıdışları Dağlıq Qarabağın Azərbaycana bağlılığını artıracaq”.