“Əfqanıstan Azərbaycan üçün cəlbedici tərəfdaşdır”

“Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın Əfqanıstanla əməkdaşlığını daha da inkişaf etdirib”

“Güman edirəm ki, Kabul – Bakı əməkdaşlığı daha geniş perspektivə malikdir”


Bu gün Prezident İlham Əliyev Əfqanıstan milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Görüşdə Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirilib.

Görüş zamanı hər iki ölkə prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında rolu xüsusi vurğulanıb. Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edilib. Eyni zamanda iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.



“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu Azərbaycan-Əfqanıstan münasibətlərini “Sherg.az”a şərh edib. Analitikin sözlərinə görə, Əfqanıstan Azərbaycan üçün cəlbedici tərəfdaşdır:

“Əfqanıstanla iqtisadi-siyasi əlaqələrin dərinləşməsi Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Əfqanıstan arasında iqtisadi, siyasi sahələr üzrə əməkdaşlıq mövcuddur. 44 günlük savaş dövründə də Kabul Bakıya mənəvi və siyasi dəstək verdi. Əfqanıstandan Avropaya daşınan yüklər bir sıra hallarda Azərbaycan üzərindən həyata keçirilir.

Bu marşrut həm də vaxt baxımından yük sahiblərinə sərf edən bir marşrutdur. Bundan əlavə, Azərbaycan ərazisindən Türkmənistana fiberoptik kabel çəkilir. Bu kabel vasitəsilə internetin Türkmənistana, oradan isə Əfqanıstan və Asiyanın digər ölkələrinə ötürülməsinə imkan yaranacaq. Belə layihələrdə iştirak Əfqanıstan üçün mühümdür”.

Əfqanıstanın ABŞ və Qərbin diqqətində olduğunu deyən politoloq vurğulayıb ki, indiyədək Azərbaycan Əfqanıstana yükdaşımalarda mühüm rol oynayıb:

“Əlaqələrin genişləndirilməsi bu həcmlərin artmasına şərait yaradacaq. Nəhayət, Əfqanıstan Azərbaycan məhsulları üçün əlverişli bazardır. Hələlik bu bazarın həcmi elə də böyük deyil, amma yaxın gələcək üçün Azərbaycanın qeyri-neft məhsullarının daimi alıcısına çevrilməsi çox realdır”.

A.Rəşidoğlu qeyd edib ki, Əfqanıstanla əməkdaşlığın gücləndirilməsi Bakı üçün iqtisadi baxımdan rentabellidir:

“Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında da Kabulun rolu böyükdür. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyirlər. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır.

Asiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçərək Avropaya daşınması və əks istiqamətdən daşınmalar ölkələr üçün çox əlverişlidir. Həm Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti, həm də Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi imkanları daha da genişləndirir.

Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın Əfqanıstanla əməkdaşlığını daha da inkişaf etdirib. Güman edirəm ki, Kabul – Bakı əməkdaşlığı daha geniş perspektivə malikdir”.