Xüsusi buraxılış hazırlanıb çap olunacaq

Şəhidlərimiz biri də kənarda qalmayacaq, kitaba düşəcək

"Bu iş üçün də razılıq almışıq. Amma şəhidlərimizin dəqiq sayı müəyyən olunanadək, gözləmək daha məqsədəuyğundur"

44 günlük Vətən müharibəsində canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad edən şəhidlərimizin adlarının əbədiləşməsi üçün müxtəlif təkliflər səsləndirilir. Vətən uğrunda həyatlarını fəda edən qəhrəmanlarla bağlı maraqlı təklif irəli sürən şəxslərdən biri də millət vəkili Etibar Əliyevdir. Deputat hesab edir ki, 2783 nəfər şəhidimizin keçdiyi həyat yolunu və qəhrəmanlıqlarını tam, dolğun və birgə yad etmək məqsədilə “Vətən müharibəsi şəhidləri” Ensiklopediyasının hazırlanması vacibdir.

Parlament üzvü bu işin mükəmməl və sanballı təşkil olunması üçün öz təcrübəsini sərf etməyə və hərtərəfli dəstək durmağa hazır olduğunu da söyləyib. Xatırladaq ki, şəhid və qazilərimizin təbliği və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması üçün ayrıca kitab nəşr etmək təşəbbüsləri edilib. Məsələn, bir neçə gün əvvəl “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu şəhid və qazilərimizdən bəhs edən kitabın artıq yekunlaşmaq üzrə olduğunu bildirib. Ş.Xuduoğlu heç bir şəhidin kitabdan kənarda qalmaması üçün ölkə ictimaiyyətindən dəstək istəyib. 

Şəhidlərimiz barəsində gündəmə gətirilən təklifləri “Şərq”ə dəyərləndirən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova deyib ki, Xatirə Kitabı redaksiyası tərəfindən uzun illərdir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir, kitablar nəşr edilir. N.Məmmədovanın sözlərinə görə, 44 günlük Vətən müharibəsinin şəhidləri haqqında da yeni layihəyə start verilib:

“Vətən müharibəsinin şəhidləri ilə bağlı xüsusi buraxılış hazırlayıb çap edəcəyik. “Xatirə Kitabı”nın növbəti cildi tam siyahı üzrə Vətən müharibəsinin şəhidlərinə həsr olunacaq.

Bununla bağlı təklifimizi, proqramımızı Mədəniyyət Nazirliyinə göndərmişik. Bu iş bizə həvalə olunub. Çalışırıq heç bir şəhidimizin adı kənarda qalmasın. Düzdür, nazirlik şəhidlərimizin tam siyahısını bizə verib. Ancaq şəhidlərimizin rəsmi açıqlanan sayında dəyişiklik ola bilər, çünki itkinlərimiz, şəxsiyyəti müəyyən olunmayan şəhidlərimiz var. Proses bir-iki aylıq deyil. Çox güman ki, gələn ilin may ayınadək işimizi yekunlaşdıracağıq”. 

Baş redaktor vurğulayıb ki, xüsusi buraxılış qısa ensiklopedik formada olmayacaq, şəhidlər haqqında məlumatlar daha dolğun və fotolarla birlikdə dərc olunacaq: “Hətta planlaşdırmışıq ki, layihəni televiziya formatında da reallaşdıraq.

Hər şəhid haqqında həftəlik qısametrajlı oçerklər yayımlansın və həmin diskləri arxivləşdirək, Xatirə Kitabının fondunda qalsın. Bu iş üçün də razılıq almışıq. Amma şəhidlərimizin dəqiq sayı müəyyən olunanadək, gözləmək daha məqsədəuyğundur.

Niyyətimiz sonuncu şəhidimizin də adının orada yer almasıdır. Ona görə də tələsmirik, iki-üç ay araşdırmalar davam edəcək”.