Bayram Səfərovun təqaüd vaxtıdır


Araik Arutyunyan Qarabağda sülənir, bizim icra başçısı deyir ki, Şuşaya gedə bilmirəm

"Qarabağ rayonlarına müasir düşüncəli, cəsarətli, Vətənini sevən, rüşvətə öyrəşməmiş şəxslər icra başçısı təyin olunmalıdır"

Şuşanın icra başçısı Bayram Səfərovun hələ də işğaldan azad edilmiş qədim şəhərə getməməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. B.Səfərovun jurnalistlərə açıqlamasında səsləndirdiyi “arqumentlər” isə cəmiyyətdə daha kəskin reaksiyalar doğurub. İcra başçısı bildirib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur: “Mən özüm hələ gedib çıxa bilməmişəm. Bu, asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Əhalinin Şuşaya gedişi üçün rəsmi icazə veriləndə mən də gedəcəm”. 

Xatırladaq ki, Şuşa şəhəri noyabrın 8-də müzəffər Azərbaycan Ordusunun dillərə dastan hücum-əməliyyatı ilə düşmən tapdağından azad edilib. Rəşadətli ordumuz Şuşanın sıldırım qayalıqlarını aşaraq, düşməni əlbəyaxa döyüşlərlə, soyuq silahlarla məhv edib, torpağımızdan qovublar. Ötən ay yarımlıq müddət ərzində Şuşaya vəzifəli şəxslərin, müvafiq qurum nümayəndələrinin səfərləri baş tutub. Hətta müvafiq icazələr əsasında jurnalistlər, blogerlər, sıravi şəxslər belə “Qarabağın incisi”nə baş çəkməyə imkan tapıblar. Yayılan rəsmi məlumatlara əsasən, Şuşa şəhərində kommunikasiya qurumlarının əməkdaşları da fəaliyət göstərirlər. Qısacası şəhərin yenidən qurulması prosesi gedir. Belə məqamda şəhərə məsul olan icra başçısının Şuşaya getməməsi haqlı iradlara səbəb olmaqdadır, müəyyən suallar yaratmaqdadır. 

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə deyib ki, icra başçısı Bayram Səfərovun Şuşaya getməməklə bağlı səsləndirdiyi absurd fikirlər köhnə idarəçilik metodunun göstəricisidir. T.Abbaslının sözlərinə görə, ayrı-ayrı mülki şəxslərin Şuşaya getməsinin, şəkil çəkdirməsinin şahidi oluruq:

“Hamı can atır ki, bir an öncə bizim üçün müqəddəsləşmiş torpaqlara ayaq bassınlar. Amma Şuşanın birinci adamı deyir ki, “minalardan qorxur”. Əslində 44 günlük müharibə dönəmində gizlənən, ortaya çıxmayan məmurlar sübut etdilər ki, onlar torpaq üçün yanmırlar.

Tək Şuşa deyil, bir-iki şəxsi çıxmaq şərti ilə işğaldan azad olunmuş rayonların icra başçılarının əksəriyyəti fəallıq nümayiş etdirmədi.

Özlərini elə apardılar ki, sanki 30 ilə yaxındır işğalda qalmış rayonların deyil, Bakının hansısa şəhərinin meridirlər. Sizi əmin edirəm, işğaldan azad olunmuş rayonların icra başçıları işlər yekunlaşandan sonra torpaq satmaq üçün qaça-qaça Qarabağa gedəcəklər. Belə təfəkkürə sahib məmurlardan birdəfəlik xilas olmaq lazımdır.

Ermənilər özlərinə aid olmayan yerlərdə oyuncaq “dövlət” qurur, ev tikir, zorla məskunlaşır, bizim icra rəhbərlərimiz, seçkili orqanlarımızın nümayəndələri canlarının qorxusundan ora getmirlər. Separatçı Araik Arutyunyan Qarabağda sülənir, bizimkilər əllərində qanuni möhür ola-ola Bakıdan çıxmırlar”. 

Partiya rəhbəri vurğulayıb ki, Qarabağ rayonlarına müasir düşüncəli, cəsarətli, Vətənini sevən, rüşvətə öyrəşməmiş şəxslər icra başçısı təyin olunmalıdır: “Öz rahatlıqlarını hər şeydən öndə tutan insanlara vəzifə verilməməlidir.

Hamı Şuşaya getmək üçün icra başçısına müraciət edir, icra başçısı özü icazə gözləyir?! Torpaqlarımızın işğalda qalmasının başqa bir səbəbi də köhnə qafalı məmurlarımızın hələ də mövcud olmasıdır. Bayram Səfərov haqqında əlavə söz demək istəmirəm, tərbiyəm buna yol vermir.

Nə söyləmək lazımdırsa, sosial şəbəkələrdə artıq yazıblar. Oxuya bilirsə, getsin oxusun, bəlkə nəticə çıxarar. Məncə, belə adamların təqaüd vaxtıdır. Qoltuqlarına nərdi verib göndərmək lazımdır”.