Hamımız səsimizi çıxarmalıyıq

Əsgərlərə yönələn yardımları mənimsəmək vicdansızlıqdır

"Həssas məsələlərdən, insanların xeyirxahlıq duyğusundan sui-istifadə edənlər fikirləşməlidirlər ki, məsələ onların həbsi ilə yekunlaşmayacaq"

Xəbər verdiyimiz kimi “YAŞAT” Fondu adından sui-istifadə edərək şəhid ailələri və qazilər üçün edilən yardımları mənimsəyən dələduz həbs olunub. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat zamanı Füzuli rayonunda qeydiyyatda olan Xəlil Quliyev adlı şəxs saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, X.Quliyev instaqram sosial şəbəkəsində Fondun rəsmi hesabına oxşar səhifə yaradıb.

Şəxsi kart hesablarını profilə yerləşdirən şəxs şəhidlər və qazilər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayırmış. Buna görə də DİN vətəndaşlara müraciət edib ki, sosial şəbəkələrdən istifadə edərkən maksimum dərəcədə ayıq-sayıq davransınlar. İnsanları aldadaraq mənfəət əldə etməyə çalışan səhifələrdən uzaq olsunlar. Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsi davam edərkən belə bəzi vicdansız məxluqlar torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgərlərimizə göndərilən yardımları mənimsəmiş, satışa çıxarmışdılar. Hətta düşmənin raket zərbələri nəticəsində ev-eşiyi dağılmış sakinlərə gedən ərzaq qutularına da göz dikənlər olmuşdu. 

Cəmiyyətin hiddətinə səbəb olan qanunsuz və qeyri-insani hərəkətlərlə bağlı “Şərq”ə danışan millət vəkili Elman Məmmədov bildirib ki, ictimaiyyətdə hər əqidədə, xislətdə insanlar var. Deputatın sözlərinə görə, bəzi adamlar üçün müqəddəs dəyərlərin və toxunulmazlıq meyarının olmaması olduqca məyusedicidir:

“Elə şəxslər var ki, ancaq öz nəfslərini, dünyəvi mənfəətlərini düşünürlər. Heç nəyə məhəl qoymadan ən müqəddəs dəyərlərdən sui-istifadə edərək iyrənc əməllərini reallaşdırırlar. Təsəvvür edin, erməni işğalçılarına qarşı vuruşan əsgərlərimizin yardımını mənimsəyən vicdansız məxluqlar var. Düzdür, hüquq-mühafizə orqanları həmin dələduzlara qarşı mübarizə aparır, onlar cəzasını alır. Hesab edirəm ki, cəmiyyət də bu cür hərəkətlərə biganə qalmamalıdır. Belə şəxslərə qarşı ümumxalq qınaq formalaşmalı, daim ayıq-sayıq olmalıyıq. Hətta son günlər cənab Prezidentin adıyla belə saxta profillər açılır, murdar işlərə əl atılır”. 

Parlament üzvünün qənaətincə, bəd əməlli insanların ifşa olunmasında həmrəylik nümayiş etdirməliyik:

“Hamımız səsimizi çıxartmalıyıq ki, bundan sonra namərd əməllərə niyyət edənlər mənfur düşüncələrdən əl çəksinlər. Həssas məsələlərdən, insanların xeyirxahlıq duyğusundan sui-istifadə edənlər fikirləşməlidirlər ki, məsələ onların həbsi ilə yekunlaşmayacaq. Onların ailələri, yaxınları, bütün qohum-əqrəbaları da qınaq obyektinə çevriləcək, nifrət qazanacaqlar”.