Putin Paşinyanla yox, onun arxasındakı qüvvələrlə mübarizə aparır

Erməni baş nazirin MDB sammitinə qatılmaması gün kimi aydın məsələdir

"Tarixin ən acınacaqlı məğlubiyyətini dadmış, minlərlə itki verən, hərbi texnikanın 80 faizini itirən bir ölkənin dövlət başçısı digər rəhbərlərin qarşısına hansı üzlə çıxa bilərdi?!"


Ermənistan Baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitə qatılmaması ölkə daxilində və xaricində müxtəlif mülahizələrə yol açıb. Baş nazirin mətbuat katibi Mane Gevorqyan bunu Paşinyanın atasının ölümü ilə əlaqələndirsə də, baş nazirin görüşdən imtinası 44 günlük müharibənin acı nəticələri və başqa siyasi səbəblərlə əlaqələndirilib.

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında vurğulayıb ki, əslində görüşdə Paşinyanın olmamasını və atasının ölümünü əsas gətirməsini məqbul səbəb saymaq olar. Lakin əsas məsələ Paşinyanın sammitdə iştirak etdiyi təqdirdə nə deyəcəyi, hansı formada çıxış edəcəyi ilə əlaqədardır:

“Tarixin ən acınacaqlı məğlubiyyətini dadmış, minlərlə itki verən, hərbi texnikanın 80 faizini itirən bir ölkənin dövlət başçısı digər rəhbərlərin qarşısına hansı üzlə çıxa bilərdi?! MDB sammitinə qatılmamasının başlıca səbəblərindən biri də Paşinyanın Rusiya başçısı Putinə olan daxili, amma üzə çıxara bilmədiyi narazılığı, hətta kinidir. O, məğlubiyyətə görə ilk növbədə Putini günahkar görür. Yerevanın fikrincə, Kreml rəhbəri Ermənistanın bütün şıltaqlıqlarına, Qərbə meyillənmə cəhdlərinə və antirus çağırışlarına baxmayaraq, ermənilərə kömək etməli, müharibədə açıq dəstəyini ifadə etməliydi. Əslində Rusiya Ermənistana müharibənin son anına kimi hərtərəfli dəstək göstərmişdi. Sadəcə Azərbaycan Ordusu elə gücdə idi ki, heç bir kömək erməniləri xilas edə bilməzdi”. 

Ekspert bildirib ki, Paşinyanın sammitə qatılmamasının digər səbəbi bu günə kimi apardığı Qərbyönlü siyasətdən əl çəkməməsidir:

“Paşinyan yaxşı bilir ki, Putin müharibədə neytral qalmaqla onu cəzalandırdı. Baş nazir bu yolla bir növ saymamazlıq edir. Putin Paşinyanın səviyyəsinə enəcək siyasətçi deyil. O, qarşı tərəfə necə və nə vaxt cavab verməyi gözəl bilir. Əsas mübarizə Putinlə Paşinyan yox, baş nazirin arxasında dayanan qüvvələrlə gedir. Paşinyan bu oyunda sadəcə əmrləri yerinə yetirən oyunçudur”.