Düşmənin hiyləsi vaxtında aşkarlandı

Əhəd Məmmədli: “...Mehri və Zəngəzuru tam nəzarətə götürəcəyik”

“Hətta Ermənistanın Qoris (Gorus) rayonunun mərkəzinə və hava limanına yaxınlaşacağıq. Qoris nəzarətimizdə olacaq"


“Ermənilər yaranmış fürsətdən istifadə edərək bəzi bölgələrdə dövlət sərhədlərini xeyli qabağa çəkməyə cəhd ediblər”.

Bu barədə “Şərq”ə açıqlamasında “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib. Ekspert bildirib ki, qanuni dövlət sərhədlərinin bərpa olunmasında prinsipial mövqe sərgilənməli, zərrə qədər güzəştə getməməliyik:


“Kəlbəcər qızıl yatağında, Zəngilan və Qubadlıda, Ermənistan sərhədinə yaxın bölgələrdə mövqelərimizin ələ keçirilməsi yolverilməz idi. Sevindirici haldır ki, düşmənin hiyləsi vaxtında müəyyən edildi və erməni silahlıları torpaqlarımızdan, bizim üçün strateji əhəmiyyət kəsb edən ərazilərdən çıxarıldı. İti yuvasına qədər qovmaq lazımdır.

Zəngəzur mahalının Qafan rayonunda bəzi yüksəkliklərin və 13 kəndə yaxın mövqelərin Azərbaycana təhvil verilməsi çox önəmli idi. Bundan sonra Mehri və Zəngəzuru tam nəzarətə götürəcəyik. Hətta Ermənistanın Qoris (Gorus) rayonunun mərkəzinə və hava limanına yaxınlaşacağıq. Qoris nəzarətimizdə olacaq".

Analitikə görə, bunlar Zəngəzur hədəfimizə və ümumən tarixi torpaqlarımıza qayıdışın ilk addımıdır:

"Xankəndi, Xocalı və Xocavənd rayonları ilə bağlı da eyni prinsipiallığı gözləyirik. Eyni zamanda Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də mütləq ermənilərdən geri alınmalıdır. Ermənilər harda sərhədi qabağa çəkirsə, deməli, həmin bölgələr strateji əhəmiyyətə malikdir”.