Azərbaycan ən islahatçı 3 ölkədən biridir

“Doing Business 2020” hesabatında ölkəmiz 6 pillə irəliləyib

“Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb. Ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Bu, ölkəmizin növbəti uğurudur”. Bunu “Şərq”ə millət vəkili Anar Məmmədov deyib. Deputat bildirib ki, “Doing Business 2020” hesabatına düzəliş Azərbaycanda genişmiqyaslı islahatlara göstərilən dəstəyin bariz nümunəsidir: “Ölkəmiz beynəlxalq təşkilatların araşdırmalarının nəticələrinə və dünyanın nüfuzlu institutlarının, elmi-araşdırma mərkəzlərinin hesabatlarına görə, iqtisadiyyatın bütün sahələrində daim ilk sıralarda yer alıb. Aparılmış müstəqil araşdırmanın nəticəsində Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur.

“Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir.

Azərbaycanın isə Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib. Əminliklə deyə bilərik ki, son illərdə iqtisadiyyatımızın dəyişən palitrası reytinqlərdə əksini tapmaqdadır.

Son bir neçə ilin dəyişən göstəricilərini nəzərdən keçirdikdə buna əmin olmaq olar. Belə ki, Azərbaycan “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə  tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib. Daha bir neçə il sonra-2017-ci ildə isə 65-ci pillədə qərarlaşıb. Bir il sonrakı hesabatda Azərbaycan 8 pillə yüksələrək 57-ci yerə qalxıb.

Onu da qeyd edim ki, həmin hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Xüsusilə vurğulamağa dəyər ki, hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilib. Cəmi, bir il sonra isə “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşıb”. 

Parlament üzvü qeyd edib ki, hesabatda qeydə alınmış göstəricilər bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edib.