Onlar Vətən sevdalılarıdır

Şəhidlərimizin dəfni də islam dünyasına nümunə oldu

Biz bu Vətən müharibəsində necə məğrur analar, atalar, şəhidinin cənazəsini çiyninə alan həyat yoldaşları gördük


Azərbaycan xalqının baş tacı etdiyi şəhidlərin dəfn mərasimləri ilə bağlı bəzən narazılıqlar yaranır.  Sosial şəbəkə istifadəçiləri arasında şəhidlərin dəfn mərasimindən paylaşılan videolarda  mərsiyə və nohələrin deyilməsinə təpki göstərənlər, bunu xalqımızın adət-ənənəsinə zidd hesab edənlər var. Hətta şəhid valideynlərini, doğmalarını həddən artıq ağladıqlarına, sinələrinə döydüklərinə görə qınayanlar da var. Əlbəttə, hər kəs düşüncəsində sərbəstdir. Birisinin xoşuna gələn, digərinin xoşuna gəlməyə bilər.

Amma nə şəhid valideynlərinin çəkdiyi mənəvi əzabları hansı formada təqdim etmələri, nə də şəhidlərmizin dəfn mərasimi  mübahisə və müzakirə predmeti olmalıdır. Hamının düşüncə tərzinə, dərdini, kədərini ifadə formasına hörmətlə, anlayışla yanaşılmalıdır. Şəhidin böyüdüyü, onu əhatə edən və hazırda valideynlərini, yaxın qohumlarını əhatə edən mühitin böyük əhəmiyyət daşıdığı diqqətdən yayınmamalıdır. Azərbaycanın daha artıq mühafizəkar, dini qaydalara bağlı bölgələri var ki, orada dəfn mərasimləri digər bölgələrə nisbətən fərqli keçirilir. Əsas şəhidə olan dərin ehtiram və sayğıdır. Bu sədlər keçilmirsə, geridə qalanlara anlayış göstərmək mümkündür. 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında qeyd etdi ki, şəhidlərin dəfnində valideynlərinin, doğmalarının hər hansı davranışları başadüşüləndir: 

- Şəhidlik uca bir zirvə, uca bir məqamdır.  Şəhidlərin dəfn mərasimlərində, yas məclislərində doğmalarının davranışlarına səbrlə, sayğıyla yanaşmalıyıq. Elələri var ki, Rəbbin kəlamlarından, mübarək  “Qurani-Kərim”də şəhidlərə Rəbbimizin verdiyi yüksək qiymətdən, onlara tanınan ali məqamdan – ölməzlik müjdəsindən bixəbərdir.  Bəziləri bilmir ki, əziz peyğəmbərimizin (s.ə.s) vədi var ki, axirətdə 1 şəhidə 70 doğmasına şəfayət etmək haqqı veriləcək. Bunları bilən hər bir şəhid valideyni səbr və təmkin göstərməli, övladının şəhidlik zirvəsinə ucalması ilə fəxr etməlidir. Biz şəhid ailələri ilə demək olar hər gün görüşürük.  Bəziləri mənəvi iztirabdan çox ağlayır, sızlayır. Onlara bildiririk ki, şəhid ruhlarının rahatlığı və sevinmələri üçün gərək valideynlər mətin dayansınlar. Bu, şəhidlərimizin məqamlarının ucalığını göstərmək üçün bir işarədir. Biz bu Vətən müharibəsində necə məğrur analar, atalar, şəhidinin cənazəsini çiyninə alan həyat yoldaşları gördük.  Bu, bütün islam dünyasına bir nümunə oldu. Amma şəhidin anası, hansısa doğması çox ağlayıb sızlayırsa, onu  da başa düşməyə çalışaq. Və heç bir halda tənə vurmayaq. 

Yas mərasimlərində bəzən mərsiyə üslubunun səslənməsinə, nohələrin oxunmasına gəlincə, S.C.Əzimbəyli bunun insanların inancı ilə bağlı olduğunu və tarixdən süzülüb gəldiyini bildirdi:

 - Azərbaycan xalqının şəhidlik məktəbində mərsiyə üslubu var. Bu üslüb öz mənbəyini İmam Hüseyn şəhidlik məktəbindən alır. Klassik ədəbiyyatımızda bunun nümunələri nə qədər desəniz var. Füzuli, Xətai, Seyid Əzim Şirvani, Abbasqulu Ağa Bakıxanov… və bir çox başqa klassiklərimizin yaradıcılığında mərsiyə üslubunun olduğunu görürük. Bunu hansısa təriqətə bağlamaq, ən əvvəl şəhidlərin, o cümlədən də klassiklərimizin ruhuna hörmətsizlik olar. 

 S.C.Əzimbəyli Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılmasıyla bərabər, xalqımızın adət-ənənəsinə uyğun olaraq islam dininin aparıcı mövqedə olduğunu da vurğuladı:  

- Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə ilk olaraq müqəddəs məscidlərimizi ziyarət etdiyini gördük.  Vətən savaşında Azərbaycan ordusunun igid əsgərləri – Allahın aslanları məscidləri təmizlədi və azan verdilər. Onlar Ali Baş Komandanın əmrinə tabe olan Vətən sevdalılarıdır. Onlar hər hansı yad ölkədə hansısa təriqətlərə qoşulanlar deyil, Qarabağ torpağı uğrunda canlarını fəda edənlərdir. Şəhidlərimizin dəfn mərasimləri də islam qaydalarına uyğun keçirilir. Burada narahatlığa əsas verəcək heç nə yoxdur.