Virus daşıyıcıları evdə qalmalıdır

Ancaq belə xəstələrin bazarlıq məsələsində yardım etmək lazımdır

Könüllüləri həvəsləndirmək lazımdır, onlar nəqliyyat, yemək xərcləri ilə təmin edilməlidirlər

Qadağan olunduğu halda evini tərk etdiyi üçün inzibati, bəzən hətta cinayət məsuliyyətinə cəlb edilən vətəndaşlar haqqında Daxili İşlər Nazirliyi mütəmadi məlumat verir.  Şənbə və bazar günləri 38 aktiv koronavirus xəstəsi ictimai yerlərdə açkarlanıb. DİN-in məlumatına görə, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilmiş xəstə vətəndaşlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi (139-1.1) ilə cinayət işləri başlanıb. 

Adətən qınayırıq belə vətəndaşları. Tamamilə haqlıyıq da. Amma məsələnin digər tərəfi də var. Bu vətəndaşlar da evdən qanunsuz çıxmalarına adətən əsas gətirirlər; ərzaq ardınca getmişdim, aptekə  dərman almağa getmişəm, ya da hansısa təxirəsalınmaz iş üçün. Məsələn, qaz kartını doldurmaq, hansısa vacib ödənişi etmək. Hər kəs bu işləri onlayn qaydada, internet şəbəkə üzərindən bacarmır. Bəlkə də buna imkanları yoxdur. Elə bir vəziyyət yaranır ki, evini tərk edənləri qınadığına da bəzən peşman olursan.  Pandemiyanın ilk vaxtları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşlılara, ehtiyaclı insanlara sosial xidməti yaxşı təşkil etdi. 65 yaş üstü vətəndaşlara ərzaq yardımı edildi, ehtiyacları öyrənildi, eləcə də aztəminatlı aliələrə. Bu işə könüllülər də qoşulmuşdu və biz onların yaşlı insanlara necə yardım göstərdiyini müşahidə edirdik. O zaman aktiv koronavirus xəsətlərinin sayı indiki qədər yüksək həddə deyildi və 65 yaş üstüləri çıxmaq şərtilə demək olar hər kəs ehtiyaclarının ardınca özü gedirdi. SMS icazə vasitəslə. Lakin hazırda vəziyyət kritikdir.  “COVİD” xəstələri arasında evdə müalicə alanlar da kifayət qədərdir. Evdən çıxma, evə də kimsə gəlməsin, yoluxma artmasın. Bəs bu insanlara kim xidmət etsin? Yəni, sosial ehtiyaclar baxımından - ərzaq, dava-dərman, başqa gündəlik tələbatlar baxımından.  Evdə müalicə məsləhət görülən COVİD xəstələri ehtiyaclarını ödəmək üçün mənzillərini tərk etdiklırini bildirirsə, demək ki, bu məsələdə boşluq yaranıb. Könüllülər könülsüzləşib.  Bu məsələdə çıxış yolu varmı? Bəlkə könüllüləri maraqlandırmaq, müəyyən miqdarda əmək haqqı – zəhmət haqqı müqabilində bu işlərə cəlb etmək lazımdır? 

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında könüllülərin əmək haqqı, hansısa muzd müqabilndə çalışmasının yolverilməz olduğunu bildirdi: 

- Könüllüyə əmək haqqı vermək praktikası dünyada yoxdur. Əks halda o muzdlu işçi olacaq. Amma dünyada könüllülərin həvəsləndirmə praktikası var. Məsələn, bəziləri yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə könüllü laraq Afrikaya, hansısa Asiya ölkəsinə gedirlər.

Bu zaman onların səfər xərcləri, otel xərcləri qarşılanır, xəstəliklərdən sığortalanırlar və sair həvəsləndirici məsələlər ola bilər. Böyük Britaniyada, ABŞ-da universitet təhsili alan könüllüdürsə, ona təhsil haqqı ödənişində güzəşt edilir.

Uzun illər könüllülük fəaliyyəti ilə məşğul olanlar hətta təhsil kreditindən də azad edilirlər. Belə güzəştlər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllüləri sosial xidmətlərə cəlb edib.

Amma bu məsələdə  birincisi, onların maksimum təlimatlandırılması lazımdır ki, yoluxmasınlar, daşıyıcı olmasınlar, yoluxma əleyhinə vasitələrdən düzgün istifadə etsinlər.  İkincisi isə, onlar sığorta olunmalıdır. Nəqliyyat, yemək xərcləri ilə təmin edilməlidirlər.

Könüllüləri maraqlandırmaq, həvəsləndirmək lazımdır. Belə olduqda sosial işçi tələbatı müəyyən qədər ödənmiş olar. Evdə müalicə alanlara da yardım göstərilər.