Virus mutasiyaya uğrayıb ! – “Sərhədləri bağlamaq lazımdır” - Yeni ştamm

Böyük Britaniyada qeydə alınan koronavirusun yeni və daha təhlükəli ştammı Hollandiya, Danimarka və Avstraliyada da aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Mütəxəssislər xatırladır ki, yeni tip koronovirus COVID-19-a nisbətən daha sürətlə yayılır. Ancaq hələlik onun daha təhlükəli olduğu barədə fikir yürütmək tezdir. Bundan başqa, virusun yeni mutasiyasının peyvəndə başqa formada reaksiya verdiyi barədə də heç bir dəlil yoxdur.

Hollandiya hökuməti məlumat verib ki, yaxın günlərdə Avropa Şurasının (AŞ) digər üzv dövlətləri ilə yeni növ koronavirusla mübarizə istiqamətində birgə fəaliyyət məsələsini müzakirə edəcəklər. Bundan başqa, ölkə İngiltərəyə uçuşları 1 yanvar tarixinə qədər dayandırıb.

ÜST dekabr ayında İngiltərədə tapılan SARS-CoV-2 koronavirusunun yeni mutasiyasının təhlükəsini qiymətləndirib. Mütəxəssislərin fikrincə, yeni növ koronavirus daha yoluxucu olsa da, ümumilidə xəstəliyin təhlükə səviyyəsinə bir o qədər də təsir göstərmir.

Yeni növ infeksiyanın ölkəmiz üçün də təhlükəli duruma səbəb ola biləcəyini deyən “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva “Sherg.az”a bildirib ki, sərhədlərin bağlanması vacib məsələdir:

“ÜST-nın yeni növ koronavirusa bağlı məlumatı açıqlamasından sonra London əhalisi başqa ölkələrə axışmağa, yəni şəhərdən qaçmağa başlayıblar. Ölkəmizdə yay ayındakı virusla indiki virus eyni deyil.

Təcrübədən də bunu görürük ki, başqa xəstəliyi olan şəxslər infeksiyanı yüngül keçirmir. Bəzi şəxslərdə isə virusun simptomlarını tez zamanda təsbit etmək mümkün olmur.

Birdən-birə virus sürətli şəkildə bölünüb artmağa başlayır və ağciyəri, həmçinin digər orqanları sıradan çıxarmağa başlayır. Elmi araşdırmalardan da bəllidir ki, virus nə qədər çox insandan insana ötürülərsə, onun mutasiya ehtimalı artır. Virusun mutasiyaya uğraması gözlənilən idi”.

P.Vəliyeva qeyd edib ki, koronavirusun üçüncü dalğa ehtimalının və yeni SARS-CoV-2 virusunun qarşısını almaq üçün mütləq sərhədləri bağlamaq lazımdır:

“Türkiyə ilə sərhədlərimiz açıqdır. Ola bilsin ki, başqa ölkələrdən, məsələn, İngilitərədən Türkiyəyə gəlib, oradan da ölkəmizə gələn şəxslər olacaq. Ona görə də sərhədlərin bağlı olması məsləhətlidir.

ÜST-ün bildirdiyi kimi, artıq peyvəndlər 2021-ci ilin əvvəlində hazır olacaq. Fikrimcə, bu peyvənd virusun bütün növlərindən insanları qoruya biləcək”.