Qarabağda birgəyaşayış mümkündürmü? – “Mütəxəssis “hə” dedi, amma... ”

“Kim Azərbaycanda yaşamaq istəyirsə, ölkəmizin qanunlarına, konstitusiyasına və dövlətçiliyimizə hörmət etməlidir”

“İnsanlarımız demokratik, tolerant və multikultural dəyərlərə önəm verirlər”

“Multikultural ənənələrə malik xalq olduğumuz üçün bu gün cəmiyyətimizdə minlərlə erməni və başqa millətin nümayəndələri yaşayır”


Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu qəribə bir sirri üzə çıxarıb. Azərbaycan kişilərinin 25, 5 faizi ermənilərlə birgə yaşayışın gələcəkdə mümkün olacağını bildirir. Qadınlarımızın isə 74 faizi bu yaşayışın heç zaman mümkün olmayacağını iddia edir. Sözügedən sorğunun nəticələrini Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında paylaşıb. Ə.Əlibəyli qeyd edib ki, ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.

Torpaqlarımız uğrunda apardığımız haqlı mübarizədən sonra işağldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir. Təklif olunur ki, azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı və erməni əhalisi də həmin torpaqlarda yaşamalıdır. Həqiqətən də belə bir hal mümkün ola bilərmi?

Mövcud durumla bağlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf  Zeyni “Sherg.az”a açıqlama verib.
MQF prezidenti bildirib ki, multikultural dəyərlərə malik xalq olduğumuz üçün bu gün cəmiyyətimizdə minlərlə erməni və başqa millətin nümayəndələri yaşayır. Bununla bağlı hər hansı bir problem baş verməyib:

“Cəmiyyətimiz demokratik, tolerant və multikultural bir cəmiyyətdir. Bütün bunlar əsrlər boyu xalqımızın mədəniyyətindən və yaşayış tərzindən gələn bir məsələdir”.

Qarabağda ermənilərlə birgəyaşayışa gəlincə, R.Zeyni vurğulayıb ki, ermənilər 30 il ərazində birgə yaşayış üçün hansısa dəyərlərə hörmətlə yanaşmadılar:

“Torpaqlarımızın işğal altında saxlanması zamanı dini və tarixi abidələrimizin dağıdılması, yurdlarımızın məhv edilməsinin şahidi olduq. Ermənilərin müqavilə əsasında Laçın, Kəlbəcər və Ağdam rayonlarından köçmək ərəfəsində vəhşiliklərə yol verməsi  insanlarımızda ikrah hissi yaratdı. Ona görə də insan hansısa bir ölkənin ərazisində yaşamaq istəyirsə, orada yaşamaq üçün mənəvi haqq qazanmalıdır.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan sorğu onu göstərir ki, xalqımız torpaqlarımızı azad etməyimizə baxmayaraq, hələ də daşnak düşüncəsində olan ermənilərlə birgə yaşayacaqlarının narahatlığını bildirirlər”.

MQF prezidenti qeyd edib ki, bəzi ermənilər torpaqlarımızda hansısa təxribatlar törətməyə hazırlaşırlarsa, Azərbaycanın müstəqilliyi və suverenliyinə zərbə vurub, daşnak cildinə girərək bizimlə məskunlaşmaq istəyirlərsə, ictimaiyyət olaraq bunu qəbul etmirik:

“Kim Azərbaycanda yaşamaq istəyirsə, ölkəmizin qanunlarına, konstitusiyasına və dövlətçiliyimizə hörmət etməlidir. 100 dənə sorğu aparılsa da, bu gün minlərlə şəhid və qazimiz var.

Torpağımıza qarşı döyüşən və işğalçılıq məqsədi ilə xalqımıza atəş açanların valideynləri bilsinlər ki, onların övladları bağışlanılmayacaq. Çünki onlar mülki əhalimizə silah çəkib, vətəndaşlarımızı, körpə uşaqlarımızı qətlə yetiriblər. Azərbaycan xalqı hər zaman güzəşt edən xalq olub.

Ermənilər bizim qanunlarımıza əməl etməli və torpaqlarımızda yaşamaq üçün mənəvi haqq qazanmalıdırlar”.