“Ermənistanın yeni müharibə üçün “taqəti” qalmayıb”

“Birazdan iqtisadi cəhətdən Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşmüş Ermənistan görəcəyik”

“Düzdür, təxribatlar ola bilər. Lakin yeni müharibənin başlanacağını düşünmürəm”

“Hərbi əməliyyatların bərpasından ötrü Paşinyan devrilməli, müxalifət hakimiyyətə gəlməli və koalisyon hökumət yaradılmalıdır. Bu, uzun prosesdir”


“Azərbaycan Qubadlı və Zəngilanda onlarla kəndi işğaldan azad etdi. Ordumuz artıq Zəngəzuru nəzarət altına aldı”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün “Facebook” hesabında yazıb. O, bildirib ki, Azərbaycan silahlı qüvvələri öz ərazi bütövlüyünü təmin edir.

 Məsələ barədə daha ətraflı “Sherg.az”a danışan eskpert sözügedən hərbi uğurların mahiyyətini izah edib: 

“44 günlük müharibədən sonra azad olunmamış kəndlərimiz var idi. 10 noyabr bəyanatının ardınca sərhədlərin demarkasiyası prosesi getməyə başladı. Azərbaycan ən müasir texnologiyadan yararlanmaqla artıq bərpa işlərinə başlayıb.

Və bunun fonunda biz son iki həftə ərzində iyirmidən çox kəndi düşməndən təmizləmişik. İndi ordumuz sərhədlərin müəyyənləşməsi prosesini aparır. Zəngilan- Qubadlı sərhəddi boyunca üstünlük silahlı qüvvələrimizdədir.

Bu isə Zəngəzurun nəzarətimiz altında olması deməkdir. Əlbəttə, Ermənistandan fərqli olaraq bizim heç kimin torpağında gözümüz yoxdur. Yeri gəlmişkən, deyim ki, Ermənistan konstitusiyasının 10-cu maddəsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Amma biz sadəcə öz ərazi bütövlüyümüzü təmin edirik.

Lakin müharibə cinayətlərinə görə işğalçı tərəf bizə külli miqdarda təzminat ödəməlidir. Əlbəttə, həmin vəsaiti ödəyə bilməyəcəyi təqdirdə, əvəzində torpaq zolağı verməsi öz işidir və mümkündür”.

Ə.Əlibəylinin fikrincə, rəsmi İrəvanın yeni müharibə üçün “taqəti” qalmayıb:

 “Biz indi həmin torpaqlarda daha çox iqtisadi cəhətdən işlər görürük. Zəngəzur dəhlizinin açılması buna imkan verir.  Birazdan iqtisadi cəhətdən Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşmüş Ermənistan görəcəyik. Düzdür, təxribatlar ola bilər. Lakin yeni müharibənin başlanacağını düşünmürəm.

Daxili siyasi faktorlar buna imkan vermir. Hərbi əməliyyatların bərpasından ötrü Paşinyan devrilməli, müxalifət hakimiyyətə gəlməli və koalisyon hökumət yaradılmalıdır.

Bu, uzun prosesdir. İkinci bir tərəfdən isə Ermənistanın lazımi qədər maddi imkanı yoxdur. Yəni növbəti müharibənin başlanması faktiki olaraq mümkün deyil”.