Məkrli video yayanlara cavab: “Qələbəmizə kölgə salmaq olmaz !” 

“Silahlı qüvvələrimizin savaşdan yeni çıxdığını, dislokasiya yerini dəyişdiyini də nəzərə almaq lazımdır”

“Bu, “düşmən dəyirmanına su tökməkdir”, hərbi sirri yaymaqdır”

“Hərbçilərimizdən smartfon tipli telefonlar yığılmalıdır. Bu, həm onların həyatı, həm də informasiya təhlükəsizliyi üçün vacibdir”


44 günlük müharibədə əldə etdiyimiz möhtəşəm qələbə, deyəsən, bəzilərinin “boğazında qalıb”. Heç cürə “həzm edə bilmirlər”. Bunu informasiya məkanındakı təxribat xarakterli materiallar da sübut edir. Bu günlərdə “Facebook” sosial şəbəkəsində yayılan bir videoda adı çəkilməyən, naməlum hərbi hissədəki vəziyyətin qanedici olmadığı, əsgərlərin taxta üzərində yatdıqlarını, çəkmələrinin, silahlarının su olduğu iddia edilir. Bu, müzəffər ordunu, hərbçilərimizə göstərilən diqqət və  qayğını gözdən salmaq deyilmi? 

 Hərbi ekspert, əməkdar jurnalist, uzun illər “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru kimi çalışmış İbrahim Rüstəmli “Sherg.az”a fikrini bildirərkən bu suala cavab verib: 

“Yayılan videoların böyük əksəriyyətindən narazıyam. Bu, informasiya təhlükəsizliyinin pozulması deməkdir. Ən azından ona görə ki, həmin materialların yayılması Azərbaycanın mənafeyinə xidmət etmir. Beləliklə, düşmən onlardan istifadə edir və edəcək. Birincisi, onu deyim ki, hərbçilərimiz kurortda yox, döyüş şəraitindədirlər və onlar tapşırıqları uğurla yerinə yetirirlər. Əks halda biz cəmi 44 gün ərzində bu qədər böyük qələbə qazana bilməzdik. Ümumiyyətlə, ordu quruculuğu məsələsi dövlət üçün daim prioritet olub. Prezident, Ali Baş Komandan İlham Əliyev də hospitalda hərbçilərlə görüşərkən dedi ki, mən həmişə Azərbaycan əsgərinin yanındayam. Yəni orduya qayğı kifayət qədərdir. Amma silahlı qüvvələrimizin savaşdan yeni çıxdığını, dislokasiya yerini dəyişdiyini də nəzərə almaq lazımdır. Bəli, ola bilər, hardasa vəziyyət yaxşı olmasın. Fəqət istənilən halda vəziyyəti ictimailəşdirmək doğru deyil. Bu, “düşmən dəyirmanına su tökməkdir”, hərbi sirri yaymaqdır. Mən sizi əmin edirəm ki, həmin yerlərdəki şərait də ən qısa zamanda yaxşılaşacaq. Çünki rus sülhməramlıları da bölgədədirlər. Onlar bizim nəyə qadir olduğumuzu, hərbçilərimizə hansı qayğını göstərdiyimizi görməlidirlər”.

İ.Rüstəmli belə görüntülərin yayılmamasından ötrü nə etmək lazım olduğunu da söyləyib: 

“Dediyim kimi, hərb kurort yox, döyüş meydanıdır. Çətinlikləri, məhdudiyyətləri təbii qəbul etmək lazımdır. Daha onu şouya çevirmək, qələbəmizə kölgə salmaq olmaz. Aydındır ki, belə hərəkət çirkin niyyətdən xəbər verir. Amma onu da deyim ki, hərbçilərimizdən smartfon tipli telefonlar yığılmalıdır. Bu, həm onların həyatı, həm də informasiya təhlükəsizliyi üçün vacibdir. Smartfonlar olmasa, hərbi qulluqçu nə nə isə çəkə, nə də çəkdiyini yaya bilər. Valideynləri ilə, yaxınları ilə əlaqə isə hərbi hissə komandanlığının rəhbərliyi ilə mərkəzləşmiş qaydada həyata keçirilməlidir. Belə olsa, heç smartfona ehtiyac da qalmaz. Bir məsələni də qeyd edim ki, hərbçilərimizin ailələrinə yüksək diqqət və qayğı göstərilməlidir ki, onların gözləri arxada qalmasın”.