Akar mesajını verdi: “...Türklərin də Qarabağda qalma müddəti uzadılacaq”

“Açıq-aydın deyir ki, rus sülhməramlılarının regionda bizdən daha uzun müddət qalmalarına şərait yaratmayacağıq”
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Qarabağda yaradılacaq Ortaq Mərkəzlə bağlı növbəti açıqlama verib. Türkiyəli nazir sülhməramlıların fəaliyyətinə nəzarət edəcək Ortaq Mərkəzdə tikinti işlərinin hazırda davam etdiyini deyib:
“Ortaq Mərkəz barədə bir razılıq əldə edildi. Tikinti hazırda davam edir.

Səlahiyyət müddətini Rusiya ilə müzakirə edəcəyik”.



Siyasi analitik Turab Rzayev Akarın bu açıqlamasını “Sherg.az”a şərh edib:

“Məsələ ondan ibarətdir ki, adətən türk ordusu xaricdə bir il qalır. Sonra ehtiyac yarandığı halda, müddət uzadılır. Rus sülhməramlılarının regionda fəaliyyəti isə 5 illik nəzərdə tutulub.

Çox güman, Akar məhz bu müddətlər arasındakı mütənasibliyi nəzərdə tutur. Yəni açıq-aydın deyir ki, rus sülhməramlılarının regionda bizdən daha uzun müddət qalmalarına şərait yaratmayacağıq.

Deməli, rusların orada qalma müddətindən asılı olaraq Türkiyə Milli Müdafiə Nazirliyi müvafiq qərarı verəcək. Ruslar 5 il müddətindən daha tez Qarabağdan çıxsalar, əlbəttə, türklər də geri qayıdacaq. Əks halda müəyyən edilmiş vaxt uzadılacaq”.