ABŞ-Rusiya qarşıdurması ! – “Əvvəl rəqib idilər, indi düşmən...”

"Amerikanın dövət katibi Mayk Pompeo iki gün öncə dedi ki, Rusiya ABŞ-ın başlıca düşmənidir”

“Yəni əvvəllər Rusiyanı rəqib sayırdılar, indi isə düşmən”

“Deməli, NATO-nun bu mövqeni tutması və Putinin qıcıqlanması qeyd edilən hadisələrlə bağlıdır”


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, NATO blokunun hərbi fəallığı dayanmır və beynəlxalq silahlara nəzarət sisteminin deqradasiyası davam edir. O qeyd edib ki, ABŞ müxtəlif bəhanələrlə “Açıq Səma Sazişi”ndən çıxıb. Rusiya başçısı həmçinin, ölkəsinin Müdafiə Nazirliyinə “nüvə qüvvələrinin yüksək döyüş hazırlığını” qorumaq barədə tapşırıq verib.

Qeyd edək ki, ABŞ Rusiya və Çində öz hərbi qüvvələri ilə əməkdaşlıq edən 103 quruma və şirkətə qarşı ticarət sanksiyaları da tətbiq edib. Bu barədə Amerika Ticarət Nazirliyi məlumat verib. Siyahıya Rusiyaya məxsus 45 təşkilat daxil edilib. Bunlar arasında elmi qurumlar, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, prezident Vladimir Putinin uçuş səfərlərini həyata keçirən “Rossiya” Xüsusi Uçuş Bölməsi, “MiG” Rusiya Aviasiya Korporasiyası və digərləri də var.

Bundan başqa Çinin 58 təşkilatı da məhdudiyyətlərə məruz qalıb. Ticarət Nazirliyi siyahıdakı şirkətlərin ABŞ milli təhlükəsizliyinə təhdid olduğunu bildirib. Bu şirkətlərin ABŞ-da müxtəlif mal və texnologiyalar alması qadağan ediləcək. Eyni zamanda, Amerika şirkətləri mallarını siyahıdakı qurumlara satan zamanı xüsusi lisenziya tələb edəcəklər. 



Prosesləri “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltanın fikrincə, baş verənlər İkinci dünya müharibəsindən sonra SSRİ ilə NATO bloku arasında gedən mübarizənin davamıdır. Analitikin sözlərinə görə, Rusiya keçmiş SSRİ-nin varisidir:

“Rusiya sovetdən qalma aqressivliyi ilə qonşu və yaxın respublikalarda bir sıra əməliyyatlar keçirir, münaqişələr yaradır. Və ərazi bütövüklərinin pozulmasında aktiv iştirak edir.

NATO hərbi-siyasi blokdur və keçmiş sovet respublikaları ilə əməkdaşlıq edir, onları öz tərkibinə qatmaq istəyir. Başqa sözlə, Rusiya NATO-nun rəqibi olaraq qalır. Sovet ittifaqı dağılsa da, Rusiya yenə onun varisidir.

Rusiya NATO ilə həmkarlıq etmədi. Əvvəllər NATO-Rusiya Əməkdaşlıq Şurası var idi. Ukraynadakı hadisələrdən sonra NATO bu Şuranın fəaliyyətini dayandırdı. Deməli, Rusiya keçmiş SSRİ-dən qalma aqressivliyini davam etdirdiyi üçün NATO onunla əməkdaşlığı dayandırıb, rəqabətə üstünlük verdi. NATO-nun bu günkü fəaliyyəti və atdığı addımlar bununla bağlıdır”.

S.Soltan qeyd edib ki, Baltikyanı respublikalar olan Latviya, Litva və Estoniya Rusiya ilə həmsərhəddir. NATO ehtiyat edir ki, Rusiya Krımı ilhaq etdiyi kimi perspektivdə bu 3 ölkənin də ərazisini işğal edər, yaxud ora hərbi müdaxilə edə bilər:

“Moldova Avropa Birliyi və NATO-ya inteqrasiya etməyə üstünlük verən ölkədir. Onun ərazisində olan bir neçə bölgə Rusiyaya yönəlik fəaliyyət göstərir və Rusiya oradakı separatçıları dəstəkləyir.

Belə olan halda NATO Moldovanı Rusiyadan qorumalıdır. NATO eyni zamanda Ukraynadakı demokratik qüvvələri, Avropaya inteqrasiya edən hakimiyyəti və dövləti də Rusiyanın perspektiv işğalından və təcavüzündən qorumalıdır.

ABŞ-ın keçmiş prezidenti Barak Obama bir dəfə Putinlə bağlı belə bir fikir işlətdi: “Putin zəifdir. Çünki, o, qonşuluğunda olan gücsüz dövlətlərə həbi müdaxilə edir”.

Bir məsələ də var: Putini qəzəbləndirən digər məqam bu yaxınlarda ABŞ-ın dövət katibi Mayk Pompeonun verdiyi bəyanat idi. Pompeo iki gün öncə dedi ki, “Rusiya ABŞ-ın başlıca düşmənidir. ABŞ isə NATO-nun baş sponsorudur”. Əvvəllər Rusiyanı rəqib sayırdılar, indi isə düşmən. Deməli, NATO-nun bu mövqeni tutması və Putinin qıcıqlanması qeyd edilən hadisələrlə bağlıdır”.

Çinlə bağlı məsələyə gəlincə, politoloq vurğulayıb ki, Çin yaxın 30 ildə ABŞ-ın ən güclü və başlıca iqtisadi rəqibidir:

“ABŞ Çini zəif salmaq üçün müxtəlif proqramlarla ölkənin iqtisadi potensialını hərbi istiqamətə yönəldir ki, iqtisadiyyatı zəifləsin”.