Günlərlə istifadə edirlər

Evdə parçadan hazırlanan maskalar virusdan qorumur

Pandemiyadan qorunmaq üçün son vaxtlar daha çox istifadə edilən parça maskalar qoruyuculuq keyfiyyəti baxımından bir sıra suallar doğurur. Mütəxəssislər deyirlər ki, belə maskaların hazırlandığı şərait və ya tikilərkən istifadə olunan materialın qoruyuculuq xüsusiyyəti hər hansı bir sertifikatla təsdiqlənmədiyi üçün insanlar diqqətli olmalıdırlar.

Bəs evdə hazırlanan parça maskalar necə, onlar bizi virusdan qoruyurmu?

Sualımızı cavablandıran Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev “Şərq”ə açıqlamasında deyib ki, parça maskalardan istifadə zamanı önəmli olan onların düzgün taxılması və istifadə müddətidir. Çünki bəzi vətəndaşlar parça maskalardan günlərlə istifadə edirlər. Halbuki, heç bir maskanı uzunmüddətli istifadə etmək olmaz.

Həkim onu da əlavə edib ki, əgər vətəndaş özünün tikdiyi maskadan istifadə edirsə, həmin şəxs bilməlidir ki, bu maskalar onları virusdan qorumur.