Mülki geyimli polislər də yoxlamaya başlayıb

Vətəndaşlar mənzərəyə fərqli yanaşırlar, "Şərq" mövzunu araşdırıb

Karantin rejimi qaydalarını pozmağa cəhd göstərən şəxslərin niyyətlərinin qarşısı daha ciddi şəkildə alınır. Artıq infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə küçə, park və digər ictimai yerlərdə mülki geyimli polislər də istənilən şəxsə yaxınlaşaraq onları yoxlaya bilərlər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev son günlər sosial şəbəkələrdə bəzi vətəndaşların mülki polislər tərəfindən yoxlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
O bildirib ki, nazirlik bir müddətdir, ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində icazələrin yoxlanmasına mülki formada olan polisləri də cəlb edib. Qurum rəsmisi qeyd edib ki, mülki geyimdə olan polis əməkdaşları vətəndaşlara yaxınlaşaraq özünü təqdim etməklə, xidməti vəsiqəni göstərir. Bundan sonra isə qanunun tələblərinin icra edilməsi məqsədilə digər prosedurlar həyata keçirilir. Bəzi vətəndaşlar SMS icazələri olmadıqda və digər hallarda ərazidə xidmət aparan polis əməkdaşlarını gördükdə həmin istiqamətdə getməməyə çalışırlar. Artıq bu kimi halların da qarşısı alınacaq. Yəni istənilən yerdə və ərazidə mülki geyimli polis əməkdaşları vətəndaşları yoxlaya bilərlər. Cərimələnməmək üçün tibbi maskadan düzgün istifadə etmək, sosial məsafə saxlamaq və digər qaydalara əməl etmək tövsiyə olunur.

“Şərq” olaraq vətəndaşların həmin məsələ haqqında düşüncələrini öyrənməyə çalışdıq. Həmin fikirlərin bir neçəsini təqdim edirik:

Emil Hacı: Bəli, bu qərarla razıyam. Çünki qanunlara uyan insan üçün heç nədə qorxu yoxdur. Amma mülki geyimdə olan polis vəsiqəsini mütləq vətəndaşa təqdim etməlidir. Çünki ola bilər ki, mülki geyimdə olan polis olmasın. Dələduz da ola bilər. Məsələn, hansısa qadına özünü polis kimi təqdim edər və deyə bilər ki, telefonunu göstər. Nəticədə telefonu qadının əlindən alıb qaça bilər. Bu baxımdan vəsiqəsinin onlar tərəfindən təqdim edilməsi mütləqdir.

Ramil Rəhimov: Çox istərdim ki, mülki geyimdə bir az insanların maddi durumları ilə maraqlansınlar. Məncə, bu, o zaman daha gözəl olardı. Deyərdim ki, bəli, görülən tədbirlər xalqın rifahı üçündür.

Xatirə Salmanova: Əslində verilən bu qərara qarşıyam. Çünki belə haldan bəzi dələduzlar sui-istifadə edəcəklər. Nəzərə almaq lazımdır ki, hər kəs qayda-qanunu bilmir. Bəziləri bilmir ki, ona yaxınlaşan polis əməkdaşı vəsiqə təqdim etməlidir. Mən dövlətin ünlü forması olan zabitlərimizə üstünlük verərdim.

Bəxtiyar Bəbirli: Gəlin məsələyə belə baxaq. Elə adamlar var ki, tutulsa deyəcək ki, marketə düşmüşəm və qalxacam evə. Düzdür, onlar qanunu bu formada qoymaqla işlərini yüngülləşdirirlər. Və hesab edirəm ki, düzü də elə budur. Amma bilmək lazımdır ki, 30 metr evindən kənarda cərimələnən insanlar da var. Yalnız zibil atmağa icazə verilir. Təbii ki, burda çatışmazlıqlar da var.

Günel Məmmədli: Bu qərarı heç də düzgün hesab etmirəm. Çünki nəzərə almaq lazımdır ki, SMS-dən istifadə etməyərək evindən bir az kənarda çörək alanlar da var. Bunun üçün də cəmi 5-10 dəqiqə vaxt bəs edir. Bu qanuna görə, mütləq SMS götürməlidir, əks təqdirdə kimsə tutulsa cərimələnəcək. Belə çıxır ki, 10 dəqiqəyə görə, 3 saatlıq icazə boş-boşuna gedəcək.

Tural Əmirsoy: Əvvəlki qanuna görə, 250 metr məsafəyədək evini tərk etmə hüququ var idi. Yəni yaxın məsafəyə marketə getmək üçün SMS-ə ehtiyac yox idi. İndiki qərarın əslində müddəaları ilə tanış deyiləm. Amma bircə onu deyə bilərəm ki, belə sistemlə başımıza çox bəlalar gələcək. Korona dünyada bitəcək, amma bizdə davam edəcək.

Cəmil Məmmədov: Maska və SMS qadağası absurd qərardır. Bu, əhaliyə hörmətsizlikdir. Maskanı ancaq qapalı məkanlarda taxmaq olar. Açıq havada məsafə saxlamaqla maskasız gəzmək heç bir risk daşımır.

Elçin Əlizadə: Məncə, düzgün qərardır. Bəzi lazımsız adamlar bəlkə yersiz çölə çıxmaqdansa evdə oturar. İcazəsiz nə qədər adam çölə çıxır.