Gənclər haqlıdır, yaralarımız var

Qarabağda ermənilərlə yaşamaq bir şərtlə mümkündür

Orada yaşayan ermənilər Azərbaycanın üçrəngli bayrağını öpüb gözlərinin üstünə qoymalıdırlar

Sosial Tədqiqatlar Mərkəzi (STM) Qarabağda azərbaycanlılarla ermənilərin birgəyaşayışına dair əhali arasında sorğu keçirib. Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə aparılıb. Sorğunun nəticələrinə görə, əhalinin mühüm hissəsi, 70 faizə yaxını Qarabağın inzibati ərazilərində birgəyaşayışın heç zaman mümkün olmayacağını, 20 faiz insan isə bir neçə ildən sonra mümkün ola biləcəyini deyib.

Ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edib. Xüsusən, Yuxarı Qarabağ əhalisinin 80 faizdən çoxu bunun əleyhinə mövqe sərgiləyib. Nəzərə çatdıraq ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 09-13 oktyabr 2020-ci il tarixlərində məcburi köçkünlər arasında keçirilən “Qarabağa Böyük Qayıdış” sorğusunda da respondentlərin 72 faizi erməni əhali ilə yaşayışın qeyri-mümkün olduğunu söyləmişdi. 

Sorğunun nəticələri ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, müharibə yenicə başa çatdığı üçün yaraları sarımağa bir neçə il vaxt lazım olacaq. JAM sədrinin sözlərinə görə, Azərbaycan əhalisinin ermənilərlə bir yerdə yaşamağa soyuq baxması təbiidir:

“44 günlük müharibə sinəmizdə yara açdı, 3 minə yaxın qəhrəman Vətən övladı şəhid oldu. Minlərlə qazimiz var. Onların çölə atılan dırnağı erməni rəhbərlərinin başından qiymətlidir. Bu acıları yaşamağımızın əsas günahkarı Ermənistanın hərbi-siyasi rəhbərliyi və təkəbbürlü erməni xalqıdır.

Əgər Ermənistan cəmiyyəti xəstə təfəkkürdən imtina etsəydi, yerə-göyə sığmayan iddialarından vaz keçsəydi, yəni Qarabağı sülh yolu ilə geri qaytarsaydı, bu gün hər iki ölkədə fərqli əhval-ruhiyyə hökm sürərdi. Amma o da var ki, düşmənçilik əbədi ola bilməz. Bölgədə sülh bütün xalqlara, o cümlədən də ermənilərə lazımdır”. 

Jurnalist vurğulayıb ki, Azərbaycanın siyasi rəhbərliyi Dağlıq Qarabağ ermənilərinin bu ərazidə yaşamasında problem görmür:

“Cəmiyyət də bu reallığı qəbul etməlidir. Bizim bir istəyimiz var:- Dağlıq Qarabağda yaşayan erməni Azərbaycan qanunlarına tabe olmalı, vətəndaş məsuliyyətini dərk etməlidir. Orada yaşayan erməni Azərbaycanın üçrəngli bayrağını öpüb gözlərinin üstünə qoymalıdırlar. Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin bir yerdə yaşaması yalnız bu şərtlər daxilində mümkündür.

Ümid edirəm ki, Dağlıq Qarabağ erməniləri mövcud şərtləri obyektiv qiymətləndirib, düzgün qərar qəbul edəcəklər”.