Rusiya Qarabağ savaşında heç də tərəfsiz qalmayıb

Azərbaycan öz ərazilərini əsgərin şücaəti, yaxşı idarəetmə və uğurlu xarici siyasətlə geri alıb

“Sosial mediada tez-tez paylaşılan “Azərbaycan öz ərazilərini Rusiyanın icazəsi ilə azad edib” tipli iddialar kifayət qədər zərərlidir”. Bu barədə “Şərq”ə açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Politoloq bildirib ki, bu cür təhlükəli iddialar əsgərlərimizin şücaətini yox saymağa, kiçiltməyə və şəhidlərimizin ruhunu incitməyə hesablanıb: “Azərbaycan öz ərazilərini əsgərin şücaəti, yaxşı idarəetmə və uğurlu xarici siyasət, qardaş Türkiyənin Azərbaycanın arxasında durması sayəsində azad edib.

Heç kimə minnət borcumuz yoxdur. Təbii ki, prosesdə Rusiyanın daha fəal iştirak etməməsinin səbəbləri olub. Rusiyanın çox fərqli regionlarda və fərqli mövzularda yaşadığı problemlər bu ölkəni nisbətən ehtiyatlı davranmağa məcbur edib. Azərbaycan kənar dövlətlərin Rusiya və İrana qarşı planlarının bir parçası olmadı, buna müqavimət göstərdi. Əksi olsaydı, Azərbaycan öz ərazilərini işğaldan azad edərkən kəskin müqavimətlə üzləşərdi. Proseslər Bakıdan idarə olunmasaydı, Türkiyə Brüsselin, Vaşinqtonun, ya da Təl-Əvivin göstərişləri ilə hərəkət etsəydi, yəqin ki, Rusiya və İran daha kəskin müqavimət göstərərdi. Yəni Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və Türkiyənin müstəqil xarici siyasət anlayışı Rusiyanın potensial narahatlıqlarını bir qədər azaltdı”. 

A.Aslanlının sözlərinə görə, digər tərəfdən Rusiya müharibədə iddia edildiyi kimi tərəfsiz qalmayıb: “Xatırlayaq: sadəcə 12 iyul - 12 avqust tarixləri arasında Rusiyadan Ermənistana 400 tondan artıq silah daşınması Prezident İlham Əliyevin Putinə zəng vurmasına səbəb olmuşdu.

27 sentyabrda müharibənin başlamasından sonra Putin bir neçə dəfə açıq şəkildə bildirib ki, Ermənistan ilə müttəfiqlikdən qaynaqlanan hər şeyi edirlər. Müharibə boyunca Ermənistanın silahlandırılması daha da güclənib, müharibənin sonuna doğru bu dəstək daha da artıb. Rusiyanın Paşinyanı bəyənməməsi qismən önəmli amildir, amma həlledici deyil. Rusiya Qafqaz siyasətini hakimiyyətlərə görə deyil, strateji maraqlarına görə müəyyənləşdirir. Əks halda 1991-1992-ci illərdə Rusiyanı sevməyən Ter-Petrosyanı deyil, ruspərəst Ayaz Mütəllibovu müdafiə edərdi və Xocalı soyqırımı olmazdı. Yəni Azərbaycan ərazilərini Rusiyanın icazəsi, ya da iradəsi ilə azad etməyib. Rusiyanı balanslaşdıraraq öz imkanlarımızla azad etmişik”.