Paşinyanın çırpıntıları əbəsdir ! - “Putin bütün planlarını reallaşdırıb”

“Yəni erməni baş nazirin açıqlaması Rusiya prezidenti üçün geostrateji baxımdan ciddi problem deyil”

“Ona görə də Kreml sahibi Paşinyanın üstünə çox getməyəcək”


Ermənistan baş naziri Nikol Paşinyan elektron müharibə sistemlərinin işə yaramadığını bildirərək bütün günahların Rusiyada olduğunu deyib. “Rusiya istehsalı olan elektron müharibə sistemləri işə yaramadı.  Buna görə ordumuz bir hədəfə çevrildi'', - deyə erməni baş nazir gileylənib.
Ermənistan ordusunun Qarabağ bölgəsində ağır itki verdiyini etiraf edən Paşinyan "Əgər sülh və sülh sazişini qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olardı", - deyə məğlubiyyət acısını dilə gətirib.

Moskva rəhbərliyini qınayan baş nazir müharibə zamanı Rusiyadan lazımi dəstəyi almadıqlarını qeyd edib. Tarix boyu dəstəyə, kiminsə onun yerinə mübarizə aparmasına öyrəşib axı. Bu açıqlama Paşinyanın siyasətdə təsadüfi adam olduğunu bir daha sübut edir. Çünki diplomatiyanın qızıl qaydası belədir: “Dövlətlərin daimi dostları yox, daimi maraqları olur”.



 Politoloq Tofiq Abbasov Ermənistanın baş nazirinin fikirlərini “Sherg.az”a şərh edərkən onun özünü ifşa etdiyini deyib: 

“Başqasından kömək olmaq bir dövlətin müstəqil, suverən olmadığını göstərir. Nəzərə almaq lazımdır ki, Ermənistanda anti-rus meyilləri “fontan vurur”. Paşinyan isə məsuliyyəti başqasının boynuna atmağa, səhvlərini ört-basdır etməyə çalışır. İkinci bir tərəfdən isə ona dəstək göstərilməsi, əlverişli şərait yaradılmasından ötrü Qərbə mesaj verir. O, müharibədə həmişə kənar tərəflərin olduğunu anlamır. Bəziləri geostrateji, bəziləri iqtisadi maraqlarını güdürlər. Və ABŞ, Rusiyatək fövqəldövlətlər həmin maraqlarını həyata keçirmək üçün Ermənistan kimi xırda ölkələrdən istifadə edirlər”.

T.Abbasov düşünür ki, Rusiya Paşinyanın bu açıqlamasına əhəmiyyət verməyəcək: 

“Ermənistan baş naziri indi dənizdə batan adamı xatırladır. Onun çıxılmaz vəziyyətdə olduğunu Moskva yaxşı başa düşür. Ona görə də Kreml sahibi Vladimir Putin Paşinyanın üstünə çox getməyəcək. Üstəlik, o, Ermənistanla bağlı planlarını həyata keçirib. Yəni Paşinyanın açıqlaması Putin üçün geostrateji baxımdan ciddi problem deyil”.