İran siyasi hakimiyyətində ikitirəlik ! – "Bir qrup Azərbaycanı təhlükə sayır, digəri isə..."

“Rəsmi Tehranda məsələ barədə uzun illərdir iki konsepsiya irəli sürülür"

“Bəziləri Azərbaycanla əlaqələrin İranın mənafeyinə uyğun olduğunu düşünürlər”

“Bir qrup isə bizim güclənməyimizi təhlükə sayır. Lakin son illər birinci qrupun ideyası daha aktualdır”


İran parlamentinin iclasında ölkəsinin xarici siyasətindən söz açarkən Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, millət vəkili Mahmud Əhmədi Bilaş deyib ki, İran hökuməti Qarabağ müharibəsində diplomatik tərbiyəni bir kənara buraxıb, Ermənistanın yanında olmalıydı. O, Qarabağ müharibəsi keçmişdə qalsa da, görüləsi işlərin də az olmadığını və İranın ilk növbədə, gələcəkdə mütləq Azərbaycandan topraqlarını geri almalı olduğunu nəzərə çatdırıb.  İranın Şazand şəhərindən seçilmiş deputatın fikrincə, Ermənistanı dəstəkləmək İranın xarici siyasətində əsas vəzifə olmalıdır:
“Qarabağ müharibəsi zamanı Ermənistanı açıq dəstəkləməməyimiz böyük səhv oldu. Bu günkü Azərbaycan Respublikası ilə Güney Qafqazın bəzi qisimləri orjinal tarixi sənədlərə görə İranın bir parçasıdır. Ona görə də, gələcəkdə bu torpaqlar İrana qaytarılmalıdır. İran, Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir”.

İran parlamentarisinin fikrini “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, İran siyasi hakimiyyətində ikitirəlik var: 

“Rəsmi Tehranda məsələ barədə uzun illərdir iki konsepsiya irəli sürülür. Bəziləri Azərbaycanla əlaqələrin İranın mənafeyinə uyğun olduğunu düşünürlər. Bir qrup isə bizim güclənməyimizi təhlükə sayır. Lakin son illər birinci qrupun ideyası daha aktualdır. Hər halda onların perspektivləri ikincilərə nisbətən çoxdur. Yeri gəlmişkən, deyim ki, Prezident İlham Əliyev Xudafərin körpüsündə olarkən yeni sərhədlərin dostluq və əməkdaşlıq sərhədləri olacağını demişdi. Bu, qonşuluq siyasətinə sadiqliyə işarə idi”.