İran “ofsayt”da qaldı ! - Qarabağdakı quruculuq işlərinə buraxılmır

“Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci il dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb”

“İran ona görə hər cür “canfəşanlıq” edir ki, həmin puldan ona da çatsın"

“Amma rəsmi Tehran illər öncə və son günlərdə buraxdığı səhvlərin acı nəticələrini yaşayır”


İranın energetika naziri Rza Ərdəkanian bildirib ki, İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır. Onun sözlərinə görə, bu istiqamətdə çoxlu sayda İran şirkəti əməkdaşlıq etməyə hazırdır.R. Ərdəkanian qeyd edib ki, iki ölkə arasında enerji mübadiləsinin müddətinin uzadılması haqda danışıqlar aparılıb:

“Azərbaycan və İran dünyada sərhəd çaylarının birgə istismarında uzun keçmişə sahib ölkələrdəndir. Xudafərin və Qız Qalası su hidroqovşaqlarının istismarı haqda müzakirələr aparılır”.

44 günlük Vətən savaşında İranın işğalçı Erməniatana göstərdiyi hərbi-siyasi və humanitar yardımlar hələ də yaddaşımızdadır. Müharibə bitsə də, bu yardımların ardı-arası kəsilmir. Bir həftə öncə İran ərazisindən Ermənistana Rusiya istehsalı olan “Kamaz” markalı hərbi maşınlarla yardımlar  daşınıb. Bununla bağlı müvafiq fotolar da sosial şəbəkələrdə yayılıb. İndi isə İranın canfəşanlıq edərək azad edilmiş ərazilərimizdə su və elektrik sahəsini bərpa etməyə hazır olduğunu bəyan etməsi başdan- ayağa qeyri-səmimiliyin göstəricisidir. 

Politoloq Sədrəddin Soltan İranın əl-ayağa düşməsinin səbəblərini “Sherg.az”a şərh edib. Analitik qeyd edib ki,  Azərbaycan Ordusu torpaqlarını düşmən təmizləyib və bundan sonra quruculuq işlərinə başlanılacaq:

“Quruculuq işlərində ölkəmizə ilk növbədə Türkiyə, İsrail, Pakistan və Ukrayna yardım edəcək. İran isə kənarda qalıb. Əvəllər İran Azərbaycana təklif edirdi ki, regional dairəvi elektrik xətti hazırlayaq.

Yəni Rusiya, Azərbaycan, İran və Ermənistan arasında dairəvi elektrik xətti yaradılsın. Bir ölkədə işıq olmayanda, digərində olsun. Azərbaycan isə bundan imtina etmişdi və düşmən ölkə ilə eyni şəbəkədə olmaq istəmədiyini bildirmişdi. İran bu işi Ermənistanla birgə həyata keçirdi.

İndi isə həmin elektrik şəbəkəsi işləməyəcək. İran Qarabağda siyasi-hərbi və humanitar baxımdan oyundan kənar vəziyyətdə qaldığı kimi, indi quruculuq işlərində də kənardadır.

Lakin regionda belə böyük tikintidən kənarda qalmaq istəmir. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci il dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb. İran qazancdan məhrum olub və ona görə çabalayır”.

S.Soltan vurğulayıb ki, onsuz da cəmiyyətimizdə İran hakimiyyətinə münasibət birmənalı deyildi və İkinci Qarabağ savaşı dövründə bu münasibət daha da kəskinləşdi:

“Azərbaycan cəmiyyətində İran hakimiyyətini inkar etmək rəyi yaranıb. İsrail Azərbaycanla əməkdaşlığını davam etdirdiyi halda, İran bundan məhrum olur. Yəni, İsrail Azərbaycanda Türkiyə  və müttəfiqimiz olan digər dövlətlərlə birgə işlərini davam etdirir. İran isə illər öncə və son günlərdə buraxdığı səhvlərin acı nəticələrini yaşayır.

Ona görə hər cür formada canfəşanlıq edir ki, müxtəlif manevrlərdən istifadə edib, Qarabağa daxil olsun. Başqa sözlə desək, İran Qarabağa girmək üçün özünə "əl qatıb".